İndinin simfoniyası

İndinin simfoniyası
28 Mar 2025 13:49

      Bir anlıq düşün… Sənin də heç vaxt qopara bilmədiyin, illərdir ardınca sürüyüb gəldiyin görünməz zəncirlərin varmı? Keçmişin acıları, qərarsızlıqları, peşmanlıqları… Bəs gələcək? Hələ üz-üzə gəlmədiyin qorxular, gerçəkləşməmiş arzular… Hər birimiz, zamanın bu iki ucu arasında sıxılıb qalmışıq, sanki nə tam olaraq keçmişdən qopa bilirik, nə də gələcəyə addımlamağa cəsarət edirik.  

      Hər gün Nurlan keçmişin ağırlığı ilə oyanır, gələcəyin qorxusu ilə yatırdı. Xatirələri onu geriyə çəkir, xəyalları isə qarşısında bilinməz bir yola çağırırdı. Həyatın həqiqi mənası, bəlkə də, indi idi, amma Nurlan bunu hələ dərk etməmişdi…

      Nurlanın gələcəkdən bu qədər narahat olmasının kökündə uşaqlıqdan bəri yaşadığı travmalar dayanırdı. O, bu travmaların onun həyatına necə təsir etdiyini uzun müddət dərk edə bilməmişdi, lakin düşüncələri ona bu travmaların iç üzünü açmağa başlamışdı. Keçmişin kölgələri  gələcəyi ona qaranlıq və təhlükəli göstərirdi, çünki o, keçmişdəki bəzi təcrübələrini hələ də tam olaraq qəbul edə bilməmişdi.

      Nurlanın ən böyük travması atası ilə olan münasibətində gizlənmişdi. Atası həmişə sərt, tələbkar və qaydalara çox bağlı bir insan olmuşdu. O, öz oğlu Nurlandan daim mükəmməllik gözləmiş, ona kiçik yaşlardan etibarən böyük məsuliyyətlər yükləmişdi. Nurlan atasının gözündə heç vaxt yetərli olmamış, daim tənqid və təzyiq altında böyümüşdü. O, uşaq vaxtlarından atasının sevgisini qazanmaq üçün nə qədər çalışsa da,  bu arzusuna nail olmamışdı. Atası onu nə oxşayar, nə də bir dəfə olsun “Səni sevirəm” deyərdi. Hər doğum günü, hər uğuru sanki atasının gözündə əhəmiyyətsiz idi, bir təbrik, bir gülümsəmə belə çox görülürdü ona. Nurlan bir baxış, kiçik ilıq söz arzulayırdı – bəlkə bir dəfə onun da gözlərində qürur, sevgi görərdi. Amma o səs heç vaxt gəlmədi, o baxışlar heç vaxt ona yönəlmədi. Gecələr qaranlıqda göz yaşlarını gizlədərək atasının soyuq baxışlarını düşünərdi. “Niyə?” – deyə öz-özünə sual verirdi. “Mən nəyi yanlış etdim?” Atasının sevgisizliyi onun ruhunda dərin, sağalmayan bir yara açmışdı. Hər il, hər uğur bu boşluğu daha da böyüdürdü, qəlbində bir uçuruma çevrilirdi. O, nə qədər çalışsa da, atası heç vaxt onu olduğu kimi qəbul etmədi, ona yetərli olmadığını hiss etdirdi. Nurlanın ürəyi, bir ömür boyu arzuladığı ata sevgisinin boşluğunda boğulurdu.

        Hər dəfə bir işdə uğursuzluğa düçar olanda, atasının sərt sözləri və məyusluğu onu  özünə daha çox qapadırdı. “Sən bunu bacarmalısan!”, “Niyə digər uşaqlar qədər ağıllı deyilsən?”, “Sənin bu qədər zəif olmağın məni utandırır” – bu cümlələr onun uşaqlığında hər gün eşitdiyi sözlər idi. Hər dəfə atası ona belə sərt yanaşanda, Nurlanın içində bir dərin qorxu yaranırdı: gələcəkdə də yetərsiz olacağı, heç vaxt atasının gözləntilərini qarşılaya bilməyəcəyi qorxusu.

        Nurlanın travmalarının digər bir hissəsi isə anasının erkən itkisi ilə bağlı idi. Nurlan uşaq ikən, anası ağır bir xəstəlik nəticəsində dünyasını dəyişmişdi. O, hələ çox kiçik idi və bu itkini tam olaraq dərk edə bilməmişdi. Anası onun üçün həmişə bir güvən mənbəyi idi – atasının sərtliyindən onu qoruyan, onu anlayan və qəbul edən tək insan idi. Anasının gedişi Nurlanın həyatında boşluq yaratdı. O, özünü bu itkini həzm edə bilməyəcək qədər tənha və zəif hiss edirdi. Anasının ölümündən sonra Nurlan sanki bu dünyada tək qalmışdı. O, atasının sərt və duyğusuz yanaşmalarına qarşı daha çox həssaslaşmış, içində özünə qarşı dəyərsizlik hissi formalaşrmışdı. Anasının məhəbbət dolu qucağı artıq yox idi və o, bunun boşluğunu hiss etdikcə, həyat ona daha çətin gəlirdi. Gələcəyi düşünmək onun üçün ağrılı idi, çünki bu itki ilə gələcəyin də eyni şəkildə onu yarıda buraxa biləcəyindən qorxurdu. O, tez-tez anasının xatirələri ilə keçmişə səyahət edirdi. Keçmişdə anası ilə keçirdiyi hər bir an Nurlana qızıldan qiymətli gəlirdi. Amma bu xatirələr ona təsəlli verməkdən daha çox acı verirdi. Anası olmadıqca, gələcək daha soyuq və təhlükəli görünürdü. O, gələcəkdə də belə itkilərlə üzləşəcəyindən qorxurdu. Bu, Nurlanın gələcəklə bağlı əsas narahatlıqlarından biri idi – itkilərin və yalnızlığın təkrarlanması. 

        İndi, atası və anası həyatda deyildi, amma onun ruhunda dərin izlər qoymuşdular. Hər dəfə yeni bir addım atanda, atasının sərt səsi qulaqlarında əks-səda verirdi. Ancaq bir tərəfdən də o, xatirələri itirmək istəmirdi. Onun bütün keçmişi, kimliyi bu xatirələrdə gizlənmişdi. Onlardan imtina etmək, özündən imtina etmək idi.

        Nurlan, hər səhər işə gedərkən yolun kənarındakı ağacların altında oturan qocanı görməyə öyrəşmişdi. Bu qoca, sanki şəhərin səs-küyündən, qarmaqarışığından uzaqda, öz dünyasına qərq olmuşdu. O elə bir tərzdə oturardı ki, elə bil həyatın keçmişindən nələrsə xatırlayır, düşüncələri isə onu uzaqlara aparırdı. Onun hər zaman bir əlində təsbeh, digər əlində isə səhifələri saralmış kiçik bir kitab olurdu.  Bu qocanın simasında  dərin kədər və təcrübə var idi. Nurlanın qocaya yaxınlaşması isə təsadüfi deyildi. O, çoxdan bu qocayla danışmaq, ondan həyatın sirrini öyrənmək istəyirdi. Bir səhər, yenə onu yerində görəndə içindəki maraq və qismən səbirsizliklə ona tərəf  addımladı.  Qoca başını qaldırıb Nurlana baxdı və gülümsədi.

Salam, - dedi,- Nurlan yavaşca – “Hər səhər sizi burada görürəm. Bir neçə dəqiqə vaxtınızı ala bilərəm?”

Qoca başını tərpədib təsbehi barmaqlarının arasında fırlatmağa davam etdi. 

Nurlan onun yanına oturdu və nədən başlayacağını düşünərək susdu. Qoca bu səssizliyi hiss edib, öz yaşadıqlarından danışmağa başladı, elə bir səmimiyyətlə ki, sanki uzun müddət kimsəylə ürəyini bölüşməmişdi.

- Həyat qəribə yoldur, bala - deyə başladı qoca. Bəzən elə vaxtlar olur ki, sanki zaman bircə  anda dayanır. Gözləyirsən, amma heç nə dəyişmir. O anlarda öz keçmişinə qayıdırsan, xatirələr səni sarmalayır. Nurlan qocanın hər cümləsini diqqətlə dinləyir, onun danışdıqları ilə öz həyatını müqayisə edirdi. Qocanın sözlərində sanki dərin bir həqiqət var idi. 

   -Məncə, xatirələr də  yoldaşdır,-dedi Nurlan. - Hər an bizə bir şey öyrətmək üçün bizimlə bərabər gəlir. Qoca başını tərpədib, təsbehi əlində saxlayaraq dedi: 

-Düz deyirsən,oğlum. Xatirələr bəzən bizi yükləsə də, onlar bizim özümüzdür. Biz onlardan qaça bilmərik,çünki  onlarsız kim olduğumuzu da unudarıq. Keçmiş sənə dərsdir, gələcək isə bir xəyal, oğul. Əslində hər kəs zamanda səyahət edir, xatirələri ilə keçmişə, xəyalları ilə gələcəyə... Lakin əsl sual budur: İndiki zamanda, indi və burada tam var ola bilirsənmi?

Nurlan qocanın sözlərini düşündü. O, keçmişi ilə barışa bilməmişdi, amma gələcəyi də tam olaraq idarə edə bilmirdi. Qoca isə yenidən davam etdi:

-Keçmiş sənə öyrətdi ki, həyat sərtdir. Gələcək isə sənə hələ heç nə öyrətməyib. Amma bir şey var ki, sən indi yaşayırsan. Bu anı dərk etmədikcə, nə keçmişin dərslərini qəbul edə bilərsən, nə də gələcəyin şanslarını dəyərləndirə.”

Qoca yavaşca gülümsədi və başını təsdiq mənasında tərpətdi. “Çətin deyil, oğlum. İnsanlar çox zaman keçmişin acısını və gələcəyin ümidini özləri ilə daşıyır. Amma ən vacibi indini hiss etməkdir. İndi… bu an… o, həyatın simfoniyasının ən vacib notudur.”

Bu sözlər Nurlanın ruhuna toxundu. Qoca davam edirdi: “Hər bir yaşadığımız an bizə dərs verir, oğlum. Sən indini anladıqca, o keçmişin ağrısını da, gələcəyin qeyri-müəyyənliyini də sakitləşdirəcək.”

        Bu görüşdən sonra Nurlan Qocanın yanına tez-tez gəlirdi. Hər dəfə bir sual, bir müdrik cavab ilə geri dönürdü. Qoca ona yalnız həyatın izahını vermir, həm də onu öz içində olan güclə tanış edirdi. Həyatın ritmini, simfoniyasını duymağı öyrədirdi.

“İndinin simfoniyası,” deyirdi Qoca, “ancaq onu dinləməyə qərar verdiyində səni öz sehrinə alar.”

  Nurlan ilk dəfə olaraq dərin bir nəfəs aldı. O, hələ də keçmişin zəncirlərindən tam qurtula bilməmişdi, amma qocanın sözləri ona yeni bir şey öyrətmişdi: “Keçmiş dərsdir, gələcək isə ümid.” Ancaq indi onun əlində olan tək şey indiki zaman idi, və o, bu anı anlamadan nə öz keçmişi ilə barışacaq, nə də gələcəklə bağlı xəyallarına sarıla biləcəkdi.

      Nurlanın qoca ilə növbəti söhbətində gələcəklə bağlı bu narahatlıqlar üzə çıxdı. O,  nəhayət qocaya ürəyindəki sıxıntını açıq şəkildə dilə gətirdi:

– “Gələcək barədə düşündükcə qorxu içində oluram. Gələcəyin mənim üçün yaxşı bir şey gətirəcəyinə inanmıram. Hər dəfə nə isə planlayanda beynimdə uğursuzluqlar canlanır. Sanki həyatımın qabağında bir uçurum var və hər addımımda ona yaxınlaşıram.”

Qoca, hər zamankı kimi, Nurlanı səbrlə dinlədi. Bu narahatlıq qocaya tanış idi, çünki o da öz gəncliyində eyni qorxularla üzləşmişdi. Sakit bir səs tonu ilə dedi:

– “Gələcək heç vaxt tam nəzarətimizdə olmayıb və olmayacaq da. Gələcəyi düşünmək yaxşıdır, amma onu narahatlıq mənbəyi kimi deyil, ümid dolu bir xəyal kimi düşünməlisən. Çünki narahatlıq sənə gələcəyin heç bir faydasını verməyəcək, yalnız indini yaşamağı əlindən alacaq.”

Bu sözlər Nurlan üçün düşündürücü idi. Qocanın dediyi kimi, gələcəyi hər zaman təhlükə kimi görürdü və onun bu gününü yaşamasına mane olurdu. O, gələcəyin gətirəcəyi bütün uğursuzluqlara qarşı sanki mübarizə aparmaq istəyirdi. 

   Nurlan bir daha qocanın sözləri üzərində düşünərkən, ürəyində hələ də gələcək haqqında narahatlıqlar olduğunu hiss edirdi. Amma eyni zamanda o başa düşdü ki, gələcəyin qorxuları ilə mübarizə aparmaq üçün ilk addım keçmişdəki kimi gələcəyi də olduğu kimi qəbul etməkdir. O, gələcəyin tamamilə naməlum olduğunu qəbul etməli, lakin onu narahatlıq və qorxu ilə deyil, fürsət və ümidlə qarşılamalı idi. Həyat həmişə sürprizlərlə doludur. 

      Nurlan yavaş-yavaş dərk edirdi ki, onun gələcəklə bağlı narahatlığı əslində keçmişdən gəlirdi. Atasının sərt tənqidləri, anasının itkisi, uşaqlıqdan gələn boşluq, bu qorxuların təməlini təşkil edirdi. Amma indi o, öz həyatının rəhbəri olmalı idi. Gələcək nə gətirəcəksə, gətirsin – o, bu vəziyyəti qəbul edib qarşılamalı idi. Gələcəyi qorxu ilə deyil, cəsarət və inamla qarşılamalı idi. Əgər o, indiki anda var ola bilərsə, gələcəkdə baş verənlərə qarşı da daha hazırlıqlı olardı.

 Sonra Nurlan kəndin ortasında kiçik bir dükan sahibiylə qarşılaşdı. Yaşlı qadın ona kənddəki dəyişikliklərdən danışdı. O, həyatda nəyin sabit qaldığını, nəyin dəyişdiyini izah edirdi:

– “Hər nəsil bir əvvəlkini əvəz edir, biz sadəcə keçib gedirik.”

Bu sözlər də Nurlanın ağlında bir iz buraxdı. O, hələ də nə keçmişini, nə də gələcəyini tam olaraq idarə edə bilməsə də, yaşlı qadının sadə, lakin dərin fikirləri onun gözünü bir az da açmışdı.

       Bir neçə gün sonra Nurlan bir gənclə qarşılaşdı. Gənc həyat dolu idi, o, gələcək haqqında xəyallar qururdu və bunları həyata keçirəcəyinə əmin idi. Nurlan gəncdən gələcəkdən qorxub-qorxmadığını soruçdu:

– “Qorxmaq nədir ki? Gələcək hələ yaşanmayıb. Nə üçün yaşanmamış bir şeydən qorxaq ki?” – deyə gənc həyəcanla cavab verdi. Onun bu güclü sözləri Nurlanı sarsıtdı. Həqiqətən, niyə qorxmalı idi? Gələcək hələ mövcud deyildi, amma o, keçmiş barəsində düşündükcə keçmişin ağırlığı altında əzilirdi. 

      Nurlan hələ uzun bir yolun başlanğıcında idi, amma o artıq gələcəyin qeyri-müəyyənliyini qəbul etməyi, onunla dost olmağı öyrənirdi. Gələcəkdən qorxmaq yerinə, ona ümidlə baxmağı öyrənirdi. Yavaşca irəlilədikcə, Nurlan yenidən qocanın sözlərini xatırladı. Qoca demişdi ki, hər şeyin açarı indiki anı dərk etməkdir. Amma bu anı necə dərk etmək olar? Keçmiş xatirələr insanın zehnini tutub buraxmadıqca, gələcəyin qeyri-müəyyənliyi insanı təhdid etdikcə, indiki anın həqiqi mənasını necə yaşamaq mümkündür? Bu suallar Nurlanı dərin düşüncələrə qərq etdi.

     Nurlan artıq dərk etdi ki, qocanın ona verdiyi məsləhətlərin arxasında yatan məna sadəcə keçmişin və gələcəyin yüklərindən qurtulmaq deyil, onları olduğu kimi qəbul etməkdir. Keçmişi unutmağa ehtiyac yoxdur, çünki keçmiş bizim bir hissəmizdir. Gələcəyi də tamamilə planlamağa gərək yoxdur, çünki o hələ mövcud deyil. Əsas məsələ bu iki zamandan asılı qalmadan, indiki anda var olmaqdır. O, keçmişdəki səhvlərindən öyrənməli idi, amma onları təkrar yaşamaqla özünü məhv etməməli idi. Eyni zamanda gələcəyin qaranlığına da çox dərin bir mənfi məna yükləməməli idi. Gələcək bir şansdır, lakin heç bir zəmanəti yoxdur. O, gələcəyi qəbul etmək üçün açıq olmalı, lakin qorxularına təslim olmamalı idi. Həyat bir az risk deməkdir və bu riski qəbul etmədən, tam mənası ilə yaşamaq mümkün deyil. 

     Nurlan bu düşüncələrlə kəndin təpələrinə doğru addımlayırdı. Günəş artıq batmaq üzrə idi, lakin bu, onun içindəki yeni bir oyanışın başlanğıcı idi. Təpələrin ucunda dayanıb gün batımını seyr edərkən o, nəhayət başa düşdü ki, keçmiş və gələcək həmişə olacaq, amma insanın öz qərarları ilə indiki zamanda necə davranacağı hər şeyin təməlini təşkil edir. Həyat ona həm keçmişin dərslərini, həm də gələcəyin ümidsizliyini eyni anda vermişdi. Amma onun əsl azadlığı, keçmişin ağırlığı və gələcəyin qaranlığı ilə deyil, hazırda nə etdiyində idi. O, keçmişini dərk edib gələcəyinə hazır olmaqla, indiki anı yaşamağı öyrəndi. Nurlan bir daha keçmişin zəncirlərinə qayıtmayacağını, gələcəyin qorxusunu isə bir kənara ataraq hər bir anı bütünlüklə yaşayacağını dərk etdi.

    Aradan illər keçdi. Nurlan həyatında böyük bir dönüş yaşamışdı. Bir vaxtlar keçmişin kölgələri onu boğurdu, amma indi o, daha güclü və daha dərin bir insan idi. Hərdən keçmişi xatırlasa da, artıq o xatirələr onu incitmirdi. O, atasını bağışlamış, öz içindəki yaraları sağaltmışdı.  Bu gün Nurlan böyük və nüfuzlu bir mərkəzin rəhbəridi – orada uşaqlara və gənclərə psixoloji dəstək göstərir, onları çətinliklərlə üzləşdikdə necə ayaqda qalmağı öyrədirdi. Öz təcrübəsini bölüşmək, uşaqlara güvən vermək onun həyatının ən böyük məqsədinə çevrilmişdi. Nurlanın səsində, hərəkətlərində bir zamanlar özü kimi itirilmiş insanlara yol göstərmək arzusunun alovu vardı.

      Nurlan uzun illərdir daşıdığı ağırlığı nəhayət üzərindən atdığı anı heç vaxt unutmayacaqdı. Gözlərinin önündə atasının silueti dayanırdı – bir zamanlar ona ağrı gətirən, ürəyində acı xatirələr buraxan həmin insan. Amma bu dəfə o, qəlbində nifrət və ya kədər hiss etmirdi. Əksinə, bir bağışlama gücü içində alovlanmışdı. “Hər kəsin öz yaraları var,” düşündü. Atasının etdiyi səhvləri onun öz yaralarının nəticəsi kimi qəbul etmək, Nurlana daha böyük bir anlayış gətirmişdi. Bir vaxtlar onu sıxan keçmiş, indi Nurlana güc vermişdi. O, artıq keçmişinin əsiri deyildi. Özünü azad hiss edirdi və gələcək haqqında narahat olmaq əvəzinə, indiki anı yaşamağı öyrənmişdi. Bu gün o, xəyalları ilə yaşayan bir insana çevrilmişdi. Keçmişini anlamaq və onu bağışlamaqla böyümüşdü. Və indi onun kimi çətinliklər yaşayanlara dəstək olaraq, öz təcrübəsini başqalarına işıq kimi saçırdı.

    Nurlanın keçdiyi yolda bir həqiqət var: Keçmişini qəbul et, gələcəyindən qorxma, amma ən əsası – indiki anı yaşa. Keçmişin zəncirlərini qırıb gələcəyin yükünü daşımağı dayandırmaq mümkündürmü? Axı, biz hamımız keçmişdəki xatirələrimizlə addımlayır, gələcəklə bağlı xəyallarımıza sarılırıq. Ancaq çoxumuz indiki anı yaşamırıq. Həyat daim bizi zamanın bu iki ucu arasında dartır və biz ya peşmançılıqla, ya da qorxuyla addımlayırıq.

      Bütün keçmiş və gələcək düşüncələrimizi bir kənara qoyub, hazırda, indi, olduğumuz yerdə tam olaraq nə qədər var ola bilirik? Ən vacib anlar – sənin indi yaşadığın anlardır. Keçmişi dəyişdirə bilmərik, gələcəyi isə tamamilə idarə edə bilmərik. Amma bu an, sənin ixtiyarındadır. Bunu anlamamaqla nələr itiririk?

      “İndinin simfoniyasının notlarını hiss edin, hər anın melodiyasında öz yolunuzu tapın və gələcəyinizin harmoniyasını qurun.”


 Məryəm Bağırova



Sizin reklam burada
Sizin reklam burada