2027-ci ildə ümumi təhsil xərcləri azaldılır- NİYƏ?

2027-ci ildə ümumi təhsil xərcləri azaldılır- NİYƏ?
09:51

Hazırda 2027-ci ilin Dövlət Büdcəsinin layihəsi müzakirə olunur. Və yeni ilin büdcəsində xeyli maraqlı məqamlar var.

Bununla bağlı fikirlərini bildirən iqtisadçı Əkrəm Həsənov deyir ki, 2027-ci il dövlət büdcəsi haqqında Qanun layihəsindən görünür ki, ümumi təhsil xərcləri azaldılır:

“Belə ki, 2.185.406.764 manat nəzərdə tutulub və bu təhsil xərclərinin cəmi 42,85%-ni təşkil edir. Müqayisə üçün bu göstərici 2025-ci ildə 2.347.506.880 manat (47,55%), 2026-cı ildə isə 2.414.834.982 manat (48,14%) təşkil edirdi. Yəni təkcə cari illə müqayisədə növbəti ildə nominal fərq təxmini 230 milyon manat (9,5% azalma) təşkil edəcək.

Maraqlısı həm də odur ki, təhsilə ayrılan cəmi xərclər artaraq 5.098.986.361 manat təşkil edəcək (2025-ci ildə 4.937.283.246 manat idi, 2026-cı ildə isə 5.016.397.622 manatdır). Yəni təhsil xərcləri artdığı halda ümumi təhsilə ayırlan hissəsi əksinə azalır.

Bəs onda artan (o cümlədən ümumi təhsilin payının azalması hesabına) təhsil xərcləri hara yönəldiləcək? Peşə və ya orta ixtisas təhsilinə? Ali təhsilə?

Bəli, onlarda bir qədər artım var. Amma əsas artım təhsil sahəsində digər müəssisə və tədbirlərə nəzərdə tutulan xərcdir: 1.995.114.250 manat. Yəni təhsil büdcəsinin təxmini 40%-i məhz bura yönəldiləcək. Müqayisə üçün bu göstərici 2025-ci ildə 1.726.192.495 manat (34,96%), 2026-cı ildə isə 1.693.061.453 manat (33,75%) təşkil edirdi. Yəni 302 milyon manatdan çox artım!

İldən ilə artan bu xərcin açıqlaması nədir?

Elm və Təhsil Nazirliyi daxil olmaqla bəzi müvafiq dövlət qurumlarının saxlanması xərcləri, maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir və s. Yəni təhsil məmurlarına xərc artır. O cümlədən tikinti və təmir adı ilə başına daş sala biləcəkləri vəsait artır.

Birdən birə məktəblərə (ümumi təhsilə) ayrılan xərc niyə kəskin azaldılıb? Yəqin ona görə ki, məktəblilərin sayı ildən ilə azalır. Bunun da iki əsas səbəbi var:

1) son 10 ildə doğum sayı 42% azalıb;

2) kasıbçılıq və hüquqsuzluq üzündən ölkəni tərk edənlərin sayı artıb.

Növbəti ildə sonuncu faktor daha da güclənə bilər: məktəblərdə hicab qadağası inanclı insanların bir qismini hicrətə sövq edə bilər. Zatən İslam ona uyğun yaşamağın çətin olduğu diyarı tərk etməyi əmr edir. Buna görə də inanclı insanlar başqa səbəbdən (pulsuzluq, məmur özbaşınalığı və s.) ölkəni tərk etmirdisə indiyədək, bundan sonra tərk etmələri ehtimalı böyüyür (yerli islamofoblarımız da aşkar deyirlər: xoşunuza gəlmir, köçün gedin). Özü də problemlərini birdəfəlik həll edə bilərlər: tolerant Avropaya köçərək həm rifahları artacaq, həm hüquqları daha yaxşı qorunacaq, həm də əqidələrinə uyğun rahat yaşayacaqlar...

Bizdə isə ildən ilə bərbadlaşan təhsil sistemində elə ancaq məmurların gəlirləri artacaq...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada