Mədəniyyət Nazirliyi rejissoru və ssenari müəllifi Suad Qara (Suada Qarayeva) olan “Məhsəti” qısametrajlı bədii filmi ilə bağlı qalmaqala münasibət bildirib, müəllifin iddialarına aydınlıq gətirib.
Nazirlikdən qeyd edilib ki, ekran əsərinə baxış zamanı şairə Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflər aşkarlanıb:
“Sözügedən filmdə Azərbaycanın klassik ədəbi-mədəni irsində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatı zamanı ciddi təhriflərə yol verildiyi müəyyən edilib. Obrazın mənəvi kimliyi ilə bağlı səhnələrdə nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb. Eyni zamanda, ekran əsərində Bibiheybət məscidinin fonunda təqdim edilən sətiraltı mesajlarda milli-dini dəyərlərin toxunulmazlığı prinsipinə uyğun olmayan manipulyativ yanaşma və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə olunub”.
Nazirlikdən bildirilib ki, tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi yolverilməz hesab olunur:
“Klassik şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir. Yuxarıda göstərilən normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, “Məhsəti” bədii filminə Yayım vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməyib”.
Xatırladaq ki, “Məhsəti” filmi bir müddət öncə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə keçirilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində baş tutmalı olan Bakı Beynəlxalq Film Festivalının proqramından da çıxarılıb.
Ekran əsərinin rejissoru və ssenari müəllifi Suad Qara dekabrın 4-də müraciət yayaraq qərara sərt reaksiya verib. Bundan sonra cəmiyyətdə “Məhsəti” ilə bağlı geniş müzakirələr başlayıb. Əksəriyyət S.Qaranın yanaşmasını və filmin süjet xəttini qınayıb, amma müəllifin tərəfini tutunlar da olub.
S.Qara dekabrın 17-də ikinci müraciət yayaraq dediklərinə görə üzr istəyib.
Qeyd edək ki, Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır./// yeni sabah