Milli Məclisin komitə sədri Fazil Mustafa Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişikliklərin etiraz yaratmasına münasibət bildirib.
F.Mustafa deyib ki, elektron siqaretin sağlamlıq üçün yaratdığı risklər böyükdür.
Komitə sədri bildirib ki, ənənəvi tütünün riskləri illərdir, araşdırılıb, müəyyən olunub: “Elektron siqaretin riskləri isə daha təhlükəli görülür. Bir çox ölkələrdə bunu artıq qadağan ediblər. Azərbaycanda da nikotinsiz elektron siqaretlərin hamısı qadağan olunur. Belə ki, qanuna edilən dəyişikliklərə əsasən, elektron siqaretin təkcə satışı deyil, idxalı və ixracı da bütövlükdə qadağan olunur. Mövcud qanunda, sadəcə, ictimai yerlərdə tütün çəkməyə görə məsuliyyət nəzərdə tutulub. Amma idxalı, ixracı, yetişdirilməsi ilə bağlı heç bir qadağa yoxdur. Elektron siqaret qadağası Ümumdünya Səhiyyə Təşkilatının verdiyi proqnozlara dayanaraq 46 ölkədə qəbul olunub. Azərbaycanda da qanunvericilik səviyyəsində məsələnin həllinə diqqət yetirilməlidir. Çünki bu, gələcəkdə baş verə biləcək təhlükə və risklərin, xüsusilə, gənclər arasında yayılmasının qarşısını almaq üçündür. Yeniyetmə qızlar arasında artıq vərdişə çevrilib. Sonradan elektron siqaret onları tütün çəkməyə, həm də siqaretə yönəldəcək. Qanuna dəyişiklik bunun qarşısını indidən almaq məqsədi daşıyır. Qanun layihəsinin 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməsi düşünülür. Burada bir qədər sahibkarların da marağı nəzərə alınır. Artıq müqavilə bağlayıblar, hansısa addımlar atıb, xaricdən elektron siqaret idxal edirlər. Hər halda qısa müddətdə onların da müəyyən dərəcədə qanunvericiliyin tələbinə uymaları nəzərdə tutulur”.