Müqaviləsiz işləyən ustalar problem yarandıqda ödənişlərini necə ala bilərlər?

Müqaviləsiz işləyən ustalar problem yarandıqda ödənişlərini necə ala bilərlər?
11:22

Ustalar əmək müqaviləsiz işlədikdə həm ustanın özü, həm də sifarişçi və işəgötürən üçün ciddi risklər və hüquqi nəticələr yaranır. Bu zaman əmək hüquqları qorunmur, sığorta olmur, iş zamanı xəsarət alsa, tibbi və sosial təminat almaya bilər, pensiya stajı yığılmır. Təəssüf ki, hazırda qeyri-rəsmi işləyən ustalar kifayət qədərdir. Bir çoxları isə işlərini gördükləri mənzil sahiblərindən ödənişlərini ala bilmədiklərindən şikayətçidirlər.

 

Bəs bu zaman ustalar öz haqlarını necə tələb edə bilər?

 

"Ekspert-SM Ltd" MMC-nin hüquqşünası Nigar Mustafayevanın sözlərinə görə, ustalarla ev sahibi arasında yazılı əmək müqaviləsi yoxdursa, bu münasibət əmək hüququ deyil artıq, mülki hüquqi öhdəlik kimi qarşılanır: “Mülki Məcəlləyə əsasən, tərəflər arasında yazılı müqavilə olmasa belə görülmüş işlər, ev sahibinin marağına və razılığına uyğun yerinə yetirilibsə və ustalar çəkdiyi xərcləri, görülmüş işlərin haqqının  ödənilməsini tələb edə bilər. Bunun üçün ustalar işin görüldüyünü və ev sahibinin bundan faydalandığını sübut etməlidirlər. Foto, video dəlil hesab oluna bilər. Ustalar məhkəməyə müraciət etməlidirlər. Faktiki görülmüş işləri sübut etməklə pulun ödənilməsini tələb edə bilərlər. Əgər işlərin görülməsi ev sahibinin marağına və ehtimal olan istəyinə uyğun olubsa, icraçı usta xərclərinin əvəzini və öhdəliklərdən azad olmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən müqavilə olmadıqda belə zərər vurulması, əsassız varlanma nəticəsində öhdəlik yarana bilər. Əgər ev sahibi tərəfindən zərər vurulubsa və ya belə hallar yaşanıbsa, bu əsaslarla ustalar öz tələblərini irəli sürə bilərlər”.

 

N.Mustafayeva qeyd edib ki, adətən belə münasibətlər podrat müqaviləsi ilə tənzimlənir: “Podrat müqaviləsi bir tərəfin müəyyən işi görməyi, digər tərəfin isə həmin işin nəticəsini qəbul edərək ödəniş etməyi öhdəsinə götürdüyü mülki-hüquqi müqavilədir. Bu müqavilə əsasən tikinti, təmir və quraşdırma işləri zamanı tətbiq olunur. Podrat müqaviləsi əmək müqaviləsindən fərqli olaraq iş prosesini deyil, görülən işin nəticəsini tənzimləyir və tərəflərin hüquq və məsuliyyətlərini müəyyənləşdirir”.


Sizin reklam burada
Sizin reklam burada