Ermənistan mediasında Nikol Paşinyanın "sağ əli" sayılan Alen Simonyan barədə maraqlı və qalmaqallı məlumat yayılıb. "Joğovurd" qəzeti yazıb: "Alen Simonyanın rəhbərlik etdiyi Milli Assambleya dövlət büdcəsi hesabına inanılmaz alışlar edir. Qəzetimiz 2025-ci ilin martında Milli Assambleyanın qocalma əleyhinə kremlər almasına dair sənədlər əldə edib. Milli Assambleyanın "Nairyan"la bu məsələyə dair razılaşdırdığı ikitərəfli sənədlərdə maraqlı detallar var.
Sənəddə yazılıb:
1. lavanda efir yağı ilə dezodorant
2. qocalma əleyhinə krem
3. qocalma əleyhinə göz kremi
4. bütün dəri tipləri üçün "haylayter" flyuidi
5. ağ çiçəklərlə yığılmı qutu-buket
Parlament bu satınalmalar üçün dövlət büdcəsindən 66 750 dram alaraq şirkətə ödəyib. Məbləğ, əlbəttə ki, elə də böyük deyil. Lakin Milli Assambleyanın qocalma əleyhinə kremi hansı məqsədlə alması, ondan kimlərin istifadə etməsi bəlli deyil. Yaxud da, parlamentin sədri Alen Simonyanın qocalma əleyhinə kremi kimə hədiyyə etməsi də məlum deyil. Bu hətta gülməli görünmür".
Milli Assambleya sədrinin mətbuat katibi bu alış-verişin rəsmi görüşlərin biri üçün edildiyini və məhsulların müəyyən şəxslərə təqdim edildiyini iddia edib. O, qeyd edib ki, diplomatik etikaya əsaslanaraq bunun hansı məmura təqdim edildiyini deyə bilməz.
Mətbuat katibinin açıqlamasında deyilir: "Bəli, aşkarlanan alqı-satqı həyata keçirilib. Diplomatik protokolda bir adət halını aldığı üçün, yüksək rütbəli məmurlar görüşlər zamanı bir-birlərinə hədiyyələr verirlər. Burada qeyri-adi heç nə yoxdur. Əksinə, bunun erməni istehsalı olmasına diqqət yetirməliyik və bu yolla biz də erməni brendlərinin tanınmasına öz töhfəmizi veririk. Ermənistanın digər məhsullarından da müxtəlif hədiyyələr veririk. Məsələn, erməni qurudulmuş meyvələri, içkiləri, şərfləri və s. Bu kosmetika da belə məqsədlər üçün alınmışdı. Burada qeyri-adi heç nə yoxdur".
Jurnalist həmçinin yazıb ki, Alen Simonyan dövlət vəsaitlərini öz vəsaiti ilə qarışdırıb və qocalma əleyhinə kremləri hara sərf etdiyini və niyə onları dövlət büdcəsi hesabına aldığını açıqlamır. Bununla belə spiker əvvəlki korrupsioner sistemi şiddətlə tənqid edir: "Özü isə şəxsən şübhəli alqı-satqılar və korrupsiya sövdələşmələrinin obyektinə çevrilməkdən çəkinmir”
Tural