Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtondakı görüşü və bir sıra sazişlərin imzalanması Cənubi Qafqaz regionunda yeni bir səhifə açır.
News365.az xəbər verir ki, bu sözləri erməni politoloq Areq Koçinyan “Vesti.az”a açıqlamasında deyib.
Onun fikrincə, bu görüş və sazişlər həm Azərbaycan–ABŞ, həm də Ermənistan–Azərbaycan məsələsində yeni səhifə açdığı üçün tarixi hadisə kimi qiymətləndirmək olar: “Uzun müddətdir durğunluq müşahidə olunan bir sıra məsələlərdə nəzərəçarpacaq dərəcədə irəliləyiş oldu.”
Analitik “Tramp yolu” barədə danışaraq bildirib ki, bu layihə həmin infrastrukturu idarə edəcək erməni–amerikan şirkəti (konsorsiumu) tərəfindən həyata keçiriləcək: “Üstəlik, söhbət artıq yalnız yoldan deyil, bütöv obyektlər şəbəkəsindən gedir: dəmir yolları, avtomagistrallar, qaz kəmərləri, elektrik ötürmə xətləri və s. Bütün bu infrastrukturun idarə olunması erməni–amerikan şirkəti tərəfindən birgə həyata keçiriləcək.”
Azərbaycan və ABŞ arasında imzalanmış sazişlərə toxunan Koçinyan qeyd edib ki, ABŞ və Azərbaycan arasında strateji münasibətlərin başlanmasına dair sazişin imzalanması ilə strateji tərəfdaşlıq qurulub: “Əslində bu, Ermənistanın artıq kifayət qədər əvvəl seçdiyi yoldur — o, ABŞ-la strateji tərəfdaşlığa malikdir. Mənim fikrimcə, Ermənistan və Azərbaycanın nə qədər çox ortaq tərəfdaşları olsa, bu, Ermənistan–Azərbaycan normallaşma prosesi üçün bir o qədər yaxşıdır. Bundan əlavə, Cənubi Qafqazda Rusiya təsirinə qarşı Qərb varlığı nə qədər çox olsa, iki ölkə arasında möhkəm və davamlı münasibətlərin qurulması şansı bir o qədər yüksək olar.”
“Təbii ki, Tehran və Moskva bunu mənfi qarşılayacaqlar. Mənim fikrimcə, İranda kifayət qədər təmkinli reaksiya verildi, yalnız narahatlıqlarını ifadə etdilər. Ermənistan və Azərbaycan sərhədlərində Avropa müşahidə missiyası (EUMA) yerləşdiriləndə də Tehranda oxşar narahatlıqlar yaranmışdı. Ermənistan tərəfi o zaman bu şübhələri aradan qaldıra bildi və mən düşünürəm ki, indi də eyni şey mümkündür,” – deyə o, əlavə edib.
Erməni politoloq qeyd edib ki, əgər Ermənistan və Azərbaycan sülhün bərqərar olmasına və öz müstəqil dövlətçiliyini qorumağa çalışırsa, Rusiya buna hər vəchlə mane olacaq. “Ona görə də keçmiş metropoliya ilə yanaşı yaşamaq formullarını tapmaq, eyni zamanda öz dövlətini qurmaq və qonşularla sülh münasibətləri inkişaf etdirmək lazımdır.”/APA