İnternetdən imtina beyni 10 yaş cavanlaşdırır.
News365.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “PNAS Nexus” jurnalında dərc olunan araşdırmada qeyd edilir.
Qeyd olunur ki, cəmi iki həftə internetsiz qalan insanların diqqəti, psixoemosional vəziyyəti və ümumi sağlamlıq göstəriciləri xeyli yaxşılaşıb.
Eksperimentdə ABŞ və Kanadadan 460-dan çox insan iştirak edib. Onlar bir ay ərzində internetə tam çıxışı bloklayan xüsusi tətbiqdən istifadə ediblər. “Rəqəmsal pəhriz”ə ən azı 10 gün riayət edənlərin ekran qarşısında keçirdiyi vaxt iki dəfə azalaraq 5 saatdan 2,5 saata düşüb. Onların 90 faizi psixi sağlamlıqlarının əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
Tədqiqatın sonunda iştirakçılar daha çox ünsiyyət qurmağa, idmanla məşğul olmağa, açıq havada gəzməyə və kitab oxumağa başladığını qeyd ediblər. Onların sözlərinə görə, internetdən imtinanın təsiri illərlə istifadə olunan antidepressantlardan daha güclü olub.
Alimlər hesab edirlər ki, internetin davamlı stimulyasiyası beynin resurslarını tükəndirir və insanın düşüncə və davranışlarını idarə etməsinə mane olur. Onlar gələcək araşdırmalarda yalnız sosial şəbəkələrin bloklanması kimi yumşaq məhdudiyyətləri sınaqdan keçirməyi, həmçinin noutbuk və planşetlərdən imtinanın təsirini öyrənməyi planlaşdırırlar.