Bir həftədir ki, E-məhkəmə sistemində problem yaranıb. Ona görə də bu sistem üzərindən yazışmalar mümkün deyil.
Məsələ ilə bağlı danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, çökmüş Elektron Məhkəmə Sistemi vasitəsilə o da kassasiya şikayətini göndərə bilmir:
"Müddəti də ötürmüşəm nəticədə, Məhkəmə-Hüquq Şurasına yazılı müraciətim də cavabsız qalıb. Deməli, 3 gün ərzində şikayəti sistemə yükləyə bilmirdim: sistem məni vəkil kimi qəbul etmirdi. Sonra nəhayət şikayəti yüklədim, amma göndərə bilmirdim: sistem deyirdi ki, sorğum icra olunmadı. Bu gündən isə nə Asan imza, nə də SİMA ilə sistemə heç daxil ola bilmirəm. Məhkəmə-Hüquq Şurasının qaynar xəttinə zəng etmişəm dəfələrlə. Dedilər ki, guya sistem artıq işləyir (necə işləyir ki, heç bildirişlər gəlmir sistemdən?. Distant giriş imkanı verdim, özləri gördü ki, heç daxil ola bilmirəm. İndi düşünürəm ki, ya Məhkəmə-Hüquq Şurasının öz sistemindən xəbəri yoxdur, ya da məni sistemdən kənar qoyublar. Hər bir halda yəqin ki, sistem işləyən kimi keçirdiyim iztirablar və vaxt itkisi nəticəsində mənə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldıracağam! Bəli, bəli, səndən yar, sənə yar, şikayətim var"…