Adın şərəflidir sənin, ey qadın!

Adın şərəflidir sənin, ey qadın!
15:32
Bəşəriyyət tarixində qadın haqqında ən böyük mübahisələrdən biri onun nə qədər güclü olması ilə bağlı olmayıb. Əsl mübahisə həmişə bundan ibarət olub: qadın öz həyatını özü seçə bilirmi?. Çünki tarix boyu cəmiyyət qadını ya həddindən artıq məhdudlaşdırıb, ya da onu müəyyən qəliblər içində “ideal insan modeli”nə çevirməyə çalışıb. Bir dövrdə qadına deyilib ki, yalnız ev onun yeridir. Başqa bir dövrdə isə ona hiss etdirilib ki, yalnız karyera qurarsa “güclü və uğurlu” sayıla bilər. Hər iki halda ortaq problem eynidir: qadının öz ruhunun səsini yox, cəmiyyətin səsini dinləməyə məcbur qalması. Əslində isə insanın faciəsi də burada başlayır. Çünki insan bəzən seçim etdiyini düşünür, amma əslində sadəcə dövrün dəbinə uyğunlaşır. Bugünkü dünyanın ən böyük paradokslarından biri budur ki, insan tarixdə heç vaxt olmadığı qədər “azadlıq” haqqında danışır, amma heç vaxt olmadığı qədər sosial təsirin altındadır. İnsan artıq zəncirlərlə deyil, “başqalarının gözündə necə görünəcəyəm?” qorxusu ilə idarə olunur. Bir zamanlar insanlar cəmiyyət tərəfindən qınanmamaq üçün evlərindən çıxmırdı. Bu gün isə insanlar geridə qalmış görünməmək üçün öz evlərinə və ruhlarına yadlaşırlar.
Müasir sistem insanın dəyərini getdikcə daha çox istehsal gücü ilə ölçür. Kim daha çox işləyirsə, daha çox qazanırsa, daha çox görünürsə, daha “uğurlu” hesab olunur. Halbuki insan sadəcə iqtisadi mexanizmin bir detalı deyil. İnsan ruhu olan varlıqdır. Onun həyatı yalnız maaş cədvəli ilə ölçülə bilməz. Kapitalist sistemin ən güclü tərəfi iqtisadiyyat yaratmaqdır. Ən təhlükəli tərəfi isə insanın özünü yalnız “faydalı maşın” kimi hiss etməsinə səbəb olmasıdır. Bu sistemdə artıq görünməyən əməyin dəyəri azalır. Halbuki dünyanın ən böyük işlərinin çoxu görünmədən edilir.
Bir ana gecə boyu xəstə uşağının başında dayananda ona medal verilmir. Bir qadın övladının psixologiyasını qorumaq üçün öz yorğunluğunu gizlədəndə bu statistikaya düşmür. Bir ailənin dağılmaması üçün səbir göstərən insanın adına şirkət qurulmur. Amma cəmiyyətin gələcəyini çox vaxt məhz bu görünməyən insanlar formalaşdırır. Tarixə baxın. Roma imperiyası güclü ordular qurmuşdu, yollar salmışdı, böyük şəhərlər tikmişdi. Amma tarixçilərin bir hissəsi imperiyanın çöküş səbəblərindən biri kimi ailə institutunun zəifləməsini göstərir. Çünki bir cəmiyyətin divarları daşdan yox, insan xarakterindən qurulur. İbn Xəldun yazırdı ki, bir toplum əvvəlcə mənəvi bağlarını itirir, sonra siyasi və iqtisadi gücünü itirir. Yəni sivilizasiyalar əvvəl ruhən çökür, sonra fiziki olaraq dağılır.
Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində texnologiya artır, amma insanlar daha çox tənhalaşır. Maddi rifah yüksəlir, amma psixoloji depressiyalar artır. Çünki insan yalnız maddi ehtiyaclarla yaşamır. Ruhun da ehtiyacları var. Maraqlıdır ki, müasir psixologiyada son illərdə ən çox araşdırılan mövzulardan biri uşağın ilk illərdə aldığı emosional bağlılığın gələcək şəxsiyyətə təsiridir. Harvard və digər universitetlərin araşdırmaları göstərir ki, uşağın özünü təhlükəsiz hiss etməsi onun gələcəkdə özünəinamına, sosial münasibətlərinə və hətta stresə qarşı dözümlülüyünə ciddi təsir edir. Yəni uşağın gələcəyini təkcə məktəb yox, evdə aldığı sevgi formalaşdırır. Bir müəllim uşağa riyaziyyat öyrədə bilər. Amma özünü dəyərli hiss etməyi ilk dəfə çox zaman ailə öyrədir. Buna görə də ailəyə və övlada ayrılan zaman “boşa gedən zaman” deyil. Bu, gələcəyin insanını formalaşdırmaqdır. Ən qəribəsi isə budur ki, müasir insan kosmosa çıxmağı bacardı, süni intellekt yaratdı, atomu parçaladı, amma hələ də bir uşağın ruhunu sağlam böyütməyin nə qədər böyük məsuliyyət olduğunu tam anlaya bilmədi. Çünki texnologiya insan yetişdirmir. Telefonlar inkişaf edir, amma xarakter öz-özünə inkişaf etmir. Süni intellekt yaranır, amma vicdan proqramlaşdırılmır. Mədəniyyət yüksəlir, amma mərhəmət avtomatik yaranmır. Bunlar ailədə formalaşır. İslamda ananın ayaqları altına cənnətin qoyulması sadəcə emosional bir ifadə deyil. Bu insan yetişdirməyin nə qədər ağır və müqəddəs məsuliyyət olduğunu göstərən simvolik anlayışdır. Çünki bir insanın ruhuna toxunmaq bəzən bir şəhər qurmaqdan daha çətindir. Qərb fəlsəfəsində də maraqlı yanaşmalar var. Məsələn, məşhur psixoloq və filosoflardan bəziləri qeyd edirdi ki, modern insanın ən böyük problemi öz təbii həyat ritmindən uzaqlaşmasıdır. İnsan artıq öz daxilindən gələn istəklə yox, sistemin ona diktə etdiyi templə yaşayır. Bu səbəbdən də bir çox insan uğur qazansa belə daxilən boşluq hiss edir. Çünki insanın ruhu alqışla qidalanmır.
İnsan bəzən hər kəsin gözündə uğurlu görünür, amma gecə başını yastığa qoyanda öz həyatını yaşamadığını hiss edir. Ən böyük faciə də budur ki İnsan öz həyatını itirə-itirə uğur qazanır. Bu baxımdan qadınların üzərində görünməz sosial təzyiq xüsusilə hiss olunur. Çünki müasir dünyada qadına bəzən açıq şəkildə deyil, dolayı formada mesaj verilir: “Əgər daim yüksəlmirsənsə, deməli kifayət qədər güclü deyilsən.” Halbuki həyat yarış deyil. İnsan robot deyil. Və hər insanın xoşbəxtlik anlayışı fərqlidir.
Bəzi qadın özünü elmdə tapır. Bəzisi sənətdə. Bəzisi müəllimlikdə. Bəzisi isə övladının xarakterini formalaşdırmaqda. Əgər seçim şüurludursa, heç biri digərindən aşağı deyil. Çünki həqiqi azadlıq insanın yalnız işləyə bilməsi deyil. İstəsə dayanıb nəfəs ala bilməsidir. İstəsə ailəsinə zaman ayırmasıdır. İstəsə fərqli yol seçməsidir. Azadlıq bir modelin hamıya məcburi şəkildə təqdim olunması deyil. Azadlıq fərqli həyatların hörmət görməsidir.
Bu gün cəmiyyətin qarşısında duran ən böyük suallardan biri budur: İnsan həyatını doğrudanmı özü yaşayır, yoxsa sosial təsdiq qazanmaq üçünmü yaşayır? Çünki insan bəzən öz arzularını yox, başqalarının alqışını izləyir. Sonra isə illər keçir və anlayır ki, bütün ömrü boyu öz ruhundan uzaqlaşıb. Əsl inkişaf etmiş cəmiyyət isə o olacaq ki, qadına necə yaşamalı olduğunu diktə etməyəcək. Nə onu zorla evə bağlayacaq, nə də yalnız müəyyən bir həyat tərzini “uğur” kimi təqdim edəcək.
Çünki qadının dəyəri işləyib-işləməməsi ilə ölçülmür. İnsanın dəyəri onun vicdanı, şüuru, sevgisi və yetişdirdiyi insanlarla ölçülür. Və bəlkə də dünyanın ən ağır peşələrindən biri insan yetişdirməkdir. Çünki bir insanın taleyinə toxunmaq, bəzən bütün dünyanın taleyinə toxunmaq deməkdir.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada