Azərbaycanın quru sərhədləri açılır? – İran və Rusiya ilə bağlı gözlənti artıb

Azərbaycanın quru sərhədləri açılır? – İran və Rusiya ilə bağlı gözlənti artıb
10:45

İranın Azərbaycanla sərhəd bölgəsində avtomobil idxalını genişləndirməsi regionda diqqət çəkən addımlardan biri kimi qiymətləndirilir. Qərarın əsas məqsədinin ölkədə xarici avtomobillərə artan tələbatı qarşılamaq və idxalla bağlı bəzi məhdudiyyətləri yumşaltmaq olduğu bildirilir.

Mövzu ilə bağlı müzakirələr fonunda Azərbaycanın quru sərhədlərinin gələcək taleyi də yenidən gündəmə gəlib. Xüsusilə Gürcüstanla dəmir yolu əlaqələrinin bərpasından sonra İran və Rusiya istiqamətində də müəyyən yumşalmaların ola biləcəyi ehtimal edilir.

Məsələni News365.az-a şərh edən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycan quru sərhədlərinin açılması istiqamətində mərhələli addımlar ata bilər.

Onun sözlərinə görə, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi bu prosesi qaçılmaz edir:

“Azərbaycan beynəlxalq münasibətlər sisteminin bir hissəsidir və qərarlarını da milli maraqlara uyğun şəkildə verir. Bu il ərzində İran və Rusiya ilə quru sərhədlərin açılması məsələsində müəyyən irəliləyişlərin olması mümkündür”.

İqtisadçı qeyd edib ki, artıq ilk siqnallar görünməkdədir. Gürcüstanla dəmir yolu xəttinin fəaliyyətə başlaması gələcəkdə avtomobil keçidlərinin də bərpasına zəmin yarada bilər.

Onun fikrincə, ilin sonunadək Gürcüstanla quru sərhədin tam açılması ehtimalı var. Bununla yanaşı, keçidlər zamanı xüsusi nəzarət mexanizmləri, limitlər və digər qaydaların tətbiqi də mümkündür.

Natiq Cəfərli vurğulayıb ki, quru sərhədlərin açılması turizm, iqtisadi əlaqələr və Azərbaycanın beynəlxalq imici baxımından mühüm əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada