Ərk etdiyin ünvandan biganəlik görəndə...- Tural İrfan yazır

Ərk etdiyin ünvandan biganəlik görəndə...- Tural İrfan yazır
09:39
Elə bil dərd də gələndə batmanla gəlir. Bu qədər borcun-xərcin içində Azərbaycan Yazıçılar Birliyindən zəng edib üzvlük haqqını istədilər. Bir xanım hörmət ehtiramla bir neçə illik borcumu gətirib ödəməli olduğumu dedi. Yoxsulluğun üzü qara olsun. Dedim, vallah imkanım yoxdur. Nə yazıb yaratdığımı çap edə bilirəm, nə də yazdığımın qiymətini ala bilirəm. Bir - iki məsələdən ötrü ağız açdım, bir-iki il də süründüm, dəstəyi olan olmadı. Üstəlik çalışdığım fəhlə işindən də çıxardılar.
Dedim, əgər ödəniş edə bilməməyim böyük qəbahətsə üzvlükdən xaric edə bilərsiniz. Deyiləsi çox şey var, amma hələ ki, demirəm!
Amma onu deyə bilərəm ki, imkan yaratmaq lazımdır ki, dövrün də Sabirləri yetişsin. Boğmamaq, sıxmamaq lazımdır.
Amma Yazıçılar Birliyini həmişə müdafiə etmişəm. Anara, Çingiz Abdullayevə hücumlar olanda özümü qabağa vermişəm. Minnət də qoymuram. Xalqımızın dəyəri kimi, sənətları kimi təəssübünü çəkmişəm. Amma bu gün mənə çox ağır gəldi ki, bir xanım məndən üzvlük haqqı istədi, mən ona "imkanım yoxdur" deməli oldum. Hər halda bu mənim üçün ölümdən da betər oldu ki, min həvəslə, bütün tələblərə cavab verərək öz yaradıcılığım sayəsində üzv olduğum bir təşkilata üzvlük haqqı ödəyə bilmədiyim üçün, "istəyirsiniz çıxarın" deməli oldum.
Belə şeylər başıma gələndə Sabirin, Hadinin, Mirzə Cəlilin aqibətini yadıma salıb özümə təsəlli verirəm.
Şairlər həssas qəlbli insanlardır. Sevdiyi dönük çıxanda əbədilik üz döndərdiyi kimi, hörmət etdiyi, ərk etdiyi bir ünvanın da ona biganəliyi onu diksindirir, mənən sındırır...
Tural İrfan, AYB-nin üzvü

Sizin reklam burada
Sizin reklam burada