Binə qəsəbəsi ərazisində aparılan yol və kanalizasiya işlərinin yarımçıq saxlanılması sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya sistemi çəkildikdən sonra yolun üzərinə torpaq və qum tökülüb.
News365.az xəbər verir ki, daha sonra isə yol idarəsinin əməkdaşları texnikaları ərazidən çıxararaq işi dayandırıblar.
İddialara əsasən, işlərin dayandırılmasına səbəb kimi yeyinti faktının aşkarlanması göstərilib. Nəticədə yolun təmiri başa çatdırılmayıb və ərazi istifadəyə yararsız vəziyyətdə qalıb.
Qəsəbə sakinləri bildirirlər ki, hazırda avtomobillərin hərəkəti zamanı əraziyə güclü toz qalxır, bu isə həm nəqliyyatın hərəkətinə, həm də insanların gündəlik yaşayışına ciddi çətinlik yaradır.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə həll olunmasını və yolun yenidən təmir edilməsini tələb edirlər.