Dünyanın ən məşhur xəritəsində Azərbaycan: 650 illik sirr

Dünyanın ən məşhur xəritəsində Azərbaycan: 650 illik sirr
09:04
Hər zaman arxivlərdə çalışanda qarşıma Azərbaycan adının müxtəlif formalarda yazılan xəritələr qarşıma çıxır. Dəfələrlə bu barədə yazmışam, xəritələri göstərmişəm. Abraham Orteliusun "Theatrum Orbis Terrarum" xəritəsi (1570-ci il),İbn Havqəlin "Surət əl-Ərz" xəritəsi (X əsr), Fra Mauro Xəritəsi (1450-ci il), Mahmud Kaşğari (XI əsr) və yüzlərlə bu cürə xəritələrdə Azərbaycan adının, onun müəlliflərinin linqvistikasına uyğun olaraq yazılıb..
Qədim xəritələr göstərir ki, “Azərbaycan” sonradan yaranmış ad deyil, əsrlər boyu formalaşmış tarixi bir toponimdir. Sizlərə daha bir etibarlı xəritə təqdim edirəm
1375-ci ildə hazırlanan Katalan atlası Aragon kralı V Pedronun sifarişi ilə tərtib edilmişdir. Atlas yalnız coğrafi xəritə deyil, eyni zamanda siyasi məlumatlar, şəhər adları, ticarət yolları və tarixi qeydləri də əhatə edir. Katalan atlası bir neçə səhifədən ibarət olub və xəritələr, şəhər adları, ticarət yolları, limanlar, həmçinin dövrün siyasi vəziyyəti haqqında qeydləri özündə ehtiva edir.
Məhz buna görə Orta Şərq, o cümlədən Azərbaycan və Təbriz bölgəsi atlasda mühüm yer tutur.Katalan atlasının müəllifi Abraham Cresquesdir. O, XIV əsrdə Mayorka adasında yaşamış məşhur yəhudi kartoqraf və coğrafiyaçı idi. Bəzi mənbələrdə atlasın hazırlanmasında oğlu Jehuda Cresquesin də iştirak etdiyi qeyd olunur.
Xəritənin Asiya hissəsinin olduğu 4-cü vərəqində Xəzər dənizinin cənub-qərbində antik katalan dilində "Aserbejan" sözü yazılıb. Bu, Azərbaycan adının Avropa xəritələrindəki ən qədim və aydın təsvirlərindən biridir.Bu yazı tam olaraq Xəzər dənizi ilə Təbriz şəhəri arasındakı ərazidə yerləşir.
Eyni zamanda "Mar de Bacu" (Bakı dənizi) adına da rast gəlirik. Xəritədə Xəzər dənizi iki adla qeyd olunub: "Mar Caspium" və "Mar de Bacu". Bu, Bakı şəhərinin o dövrdə beynəlxalq ticarətdə nə qədər mühüm rol oynadığını göstərir. Bu, Avropa kartoqrafiyasında Bakının bir liman və mərkəz kimi ilk mühüm tanınmalarından biridir.
Xəritədə Təbriz şəhəri xüsusi qeyd olunub. O dövrdə Təbriz Elxanilər dövlətinin mühüm mərkəzi idi və Avropalı tacirlər üçün ən böyük ticarət qovşağı sayılırdı. Xəritənin bu hissəsində dəvə karvanlarının təsviri var. Bu, Azərbaycanın Böyük İpək Yolunun üzərində yerləşdiyini və Şərqlə Qərb arasında körpü olduğunu simvolizə edir.
Regionun yaxınlığında taxtda oturan hökmdar təsvirləri var ki, bu da ərazinin mütəşəkkil bir dövlət olduğunu sübut edir.
Katalan Atlası sadəcə bir xəritə deyil, həm də bir ensiklopediyadır. Onun üzərindəki yazılar sübut edir ki, 14-cü əsrdə Avropanın ən məlumatlı alimləri Azərbaycanı müstəqil coğrafi ad, Bakını mühüm liman, Təbrizi isə dünya ticarətinin mərkəzi kimi qəbul edirdilər.
Bu xəritənin mövcud olması 650 il əvvəl avropalıların Azərbaycanı konkret coğrafi və siyasi bir bölgə kimi tanıdığını sübut edir. Eyni zamanda regionun tarixi-coğrafi toponimlərin davamlılığını və mövcudluğunu təsdiq edir.
Bu barədə Burling, William. Medieval Maps of the Middle East. London: Thames & Hudson, 1992.,McIntosh, Gregory C. The Pictorial Cartography of the Catalan Atlas. Journal of Medieval History, 1986., Harley, J. B. & Woodward, David. The History of Cartography, Volume 1: Cartography in Prehistoric, Ancient, and Medieval Europe and the Mediterranean. University of Chicago Press, 1987.Saliba, George. Islamic Science and the Making of the European Renaissance. MIT Press, 2007 və digər mənbələr ilə yanaşı xəritənin çoxsaylı fotoları olan axtarış sistemlərininin göstərdiyi səhifələrə baxmaq olar.
Bu xəritə bir daha təsdiq edir ki, Azərbaycan həmişə Şərqin mərkəzində olub və olacaq.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada