AQTA :Göygöldə 10 şagirdin məktəbdə zəhərlənməsi…
Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar davam etdirilir.
Bu barədə News365.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən ilkin olaraq məktəbin bufetində, daha sonra isə uşaqların qəbul etdiyi “Elcan” əmtəə nişanlı qarğıdalı çubuqlarının emal olunduğu müəssisədə yoxlama tədbirləri həyata keçirilib.
Məktəb bufetində aparılan baxış zamanı eyni adlı məhsulların bir qisminin üzərində etiket məlumatlarının aydın və oxunaqlı şəkildə qeyd edilmədiyi, bəzi məhsulların isə son istifadə tarixinin bitməsinə baxmayaraq satış stendində saxlanıldığı müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqlar nəzərə alınaraq məktəb bufetinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qarğıdalı çubuqlarının istehsalı ilə məşğul olan müəssisəyə (Mingəçevridə yerləşir - red.) baxış zamanı isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkar olunub. Bununla yanaşı xammalın saxlanılması, məhsulun emalı, qablaşdırılması və digər proseslərin sanitar-gigiyenik tələblərə riayət edilmədən eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, çirkli və paslanmış avadanlıqların qida məhsulları ilə birgə saxlanıldığı, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi müəyyən olunub. Yoxlama zamanı istehsal prosesində mənşəyi məlum olmayan qida əlavələrindən və rəngləyicilərdən istifadə edildiyi də aşkar edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, rəhbəri barəsində inzibati protokol tərtib edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb
Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qarğıdalı çubuqlarından, eləcə də istehsal prosesində istifadə edilən xammallardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hazırda araşdırmalar davam etdirilir.