Daxili İşlər
Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət
xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti
dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat
Xidmətindən https://news365.az/-a bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin
gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi
vəzifədir. Qanunvericiliyə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər
azyaşlıların sağlamlığına və davranışına nəzarət etməlidirlər. Bu məsələ yalnız
qanunla məhdudlaşmır. Uşağın nəzarətsiz qalması onun fiziki təhlükə, zərərli
mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşməsinə səbəb ola bilər.
Bu isə artıq təkcə ailə problemi deyil ictimai təhlükədir. Müasir dövrdə təhlükə
yalnız küçədə deyil. Sosial şəbəkələr, rəqəmsal mühit və mənfi təsir qrupları
valideyn diqqətini daha da vacib edir.
Polis əməkdaşları
aidiyyəti dövlət qurumları ilə birgə uşaqların hüquqlarının qorunması istiqamətində
maarifləndirici və profilaktik tədbirlər həyata keçirir. Məqsəd cəzalandırmaq
deyil, qorumaqdır. İzahedici söhbətlər, tövsiyələr və preventiv yanaşma təhlükənin
qarşısını əvvəlcədən almağa xidmət edir. Valideyn məsuliyyəti hüquqi norma
olmaqla yanaşı, vətəndaşlıq borcudur.
Ona görə də
övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal
mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın,
məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın. Gəlin,
uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Unutmayaq ki, bu gün
göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.