Bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir.
News365.az xəbər verir ki, bunu Milli Məclkisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
Komitə sədri deyib ki, bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər.
“Hər bir müəssisə, təşkilatın müəyyən hektar torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirməsinə imkan yaradılarsa, bu həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin qurumlarda çalışanların ucuz məhsullarla təmin olunmasına kömək etmiş olar. Şəhərlərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ tam həllini tapmayıb”.
Tahir Rzayev qeyd edib ki, bəzi vəzifəli şəxslər yeni iş yerləri yaratmaq yerinə iş yerlərini bağlamaqda israrlıdırlar:
“Prezidentin yeni iş yerlərinin yaradılmasına böyük önəm verdiyi, bu sahədə mühüm tədbirlər gördüyü bir vaxtda bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur və hər birimiz bu məsələnin fərqində olmalıyıq”.
Tahir Rzayev həmçinin yolu keçən hər bir adama görə maşının saxlanılmasının yolverilməz olduğunu qeyd edib:
“8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra yolu keçməyə icazə verilməlidir. Bu sahə də tənzimlənməlidir” – o vurğulayıb.