Dənizlə dua arasında: Nardaran kahinlərinin əfsanəsi

Dənizlə dua arasında: Nardaran kahinlərinin əfsanəsi
09:06
Bakının sevdiyim kəndlərindən biri Nardarandır. Hər dəfə bura gedəndə mistik bir aura hiss edirəm. Dərin bilikli ağsaqqalları, qədim adətlərin qorunduğu bir mədəni həyat, abidələr orda insanı özünə bağlayır.Burada istehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmaların arasında sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir və araşdırma etdikcə daha qədim və mistik abidələr üzərində yazılar səni keçmişə aparır. Ümid Qaya adlı ərazidə qədim Qobustandakı daşlarda olduğu kimi qayalar üzərində müxtəlif işarələr və yazılar mövcuddur.
Nardaranın tarixi eramızdan əvvəl 3-cü minilliyə təsadüf edir, burada tunc dövrünə aid qədim daşlar və mağaralar var. Kəndin adı farscadan götürülmüşdür, bu da "nər" (erkək dəvə) və "daran" (yer, məkan) sözlərindən "dəvə saxlanan yer" mənasını verir.
Bir ehtimala görə, kəndin adı narlar bağı, narlar diyarı, digər variantda mərd insanlar məkanı kimi qeyd olunur, başqa bir versiya kimi isə kəndin adı nurlar diyarı (Nardaran - nurdərə, nur olan yer) kimi təqdim edilir.
Burada çoxdan bəri sufi ənənələri, övliyalar ziyarətgahları və mistik inanclar yaşayıb. Ərazidə Nardaran Piri, İmam Rza ziyarətgahı, Mövlana və Seyidlər nəsli ilə bağlı bir çox müqəddəs yerlər mövcuddur.
Nardaran barədə kifayət qədər mistik məlumatlar var. Lakin bu gün Sizlərə tarixdə heç bir mənbədə rast gəlmədiyiniz mövzu təqdim edirəm:
Nardaran kahinləri:
İlk öncə məlumat verim ki, eə. I minilliyin birinci yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində "maqlar dini”ndən deyil, daha çox "maqlar təlimi” və "maqlar elmi”ndən bəhs edilmişdir. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində "maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. E.ə. 521-ci ildə fars hakimiyyətinə qarşı Qaumatın üsyanı və Babəkin başçılığı ilə ərəb işğalçılarına qarşı uzun müddətli mübarizə məhz maqlarla bağlıdır.
Məlumdur ki, Islamdan əvvəl şamanların, maqların məsləhəti ilə qərarlar qəbul edən Xaqanlar öz övladlarını bu hörmətli insanların yanına qoyub şər qüvvələrdən qorumaqla yanaşı onların təlim və tərbiyəsini də maqlara həvalə edirdilər. Səlcuqlar və Osmanlılar dövründə də belə idi.
Mistik gücləri olduğu düşünülən kahinlərin, bu günə qədərki sirlərini gizli saxlayırlar. Məhz Nardaran kahinləri öz biliklərini maqlardan alıblar. Onlar burada “kahin” və ya “arif” adlandırılan şəxslər olub — onlar dua yazan, gələcəkdən xəbər verən, xəstələri oxuyan insanlar kimi tanınıblar.
Bu insanlar həm dini biliklərə, həm də batini (gizli) elmlərə malik sayılırdı — yəni Quran ayələrini və təbiət qüvvələrini birgə “oxumağı” bacaranlardı.
Nardaran kahinləri barədə xalq arasında belə rəvayətlər dolaşır:
Onlardan bəziləri insanın niyyətini baxışdan anlayır, həqiqəti yalanla ayırır imiş.
Deyilənə görə, bəziləri dua və tənəffüs vasitəsilə ağrı və xəstəlikləri aradan qaldıra bilirmiş.
Qocalar danışır ki, “köhnə Nardaran kahinləri” ulduzların vəziyyətinə baxaraq hava, xəstəlik və taleyi təxmin edirmişlər.
Ən maraqlısı: bəzi hekayələrdə kahinlər gizli “söz”ə sahib olublar – bu sözün deyilməsi ilə “görünməzlərdən” yardım almaq mümkün olurmuş.
Nardaran kahinləri adlandırılan şəxslər özlərini falcı yox, “dualı ariflər” kimi təqdim ediblər — yəni məqsədləri gələcəyi demək yox, insanlara mənəvi və ruhi yardım göstərmək olub. Belə şəxslər arasında Seyid Həsən ağa, Seyid Cəfər ağa, Mövlanə Hacı Əhməd Nardarani bu cürə şəxslər hesab ediliblər..Əfsanəyə görə, bu şəxslərin məzarları gecələr işıqlı top şəklində nur bürüyürmüş. Bu, xalq arasında “kahin nuru” kimi tanınır.
Tanınmış yazıçılar (Anar, Elçin, Aqil Abbas) Nardaran kahinləri və ya “dualı seyid” obrazlarını Azərbaycan mifoloji realizmində işlədiblər.
Bu fiqurlar adətən müdriklik, təvazökarlıq və görünməz güclə əlaqə simvoludur.
Son olaraq qeyd edim ki, zaman dəyişir, amma Nardaranın küləyi hələ də o qədim duaların səsini daşıyır. Kahinlərin adları daşlarda, ruhları isə xalqın inamında yaşayır. Onlar nə tam unudulub, nə də tam xatırlanıb – sanki dua ilə dəniz arasında qalan bir sirrdirlər.
Bu sirri qorumaq – yalnız keçmişi yaşatmaq deyil, həm də gələcək nəsillərə mənəvi yaddaşın gücünü ötürmək deməkdir.
Nardaran kahinləri Azərbaycan xalq mədəniyyətində dini inanclarla batini biliklərin vəhdətini təcəssüm etdirən nadir bir hadisədir. Onlar xalqın mənəvi dünyasında həm dua sahibi, həm də bilik qoruyucusu kimi iz buraxmışlar. Bu gün onların abidələri və haqqında dolaşan rəvayətlər xalq yaddaşının canlı hissəsinə çevrilib.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada