Ötən gün
parlamentin komitə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi
zamanı sabiq Mədəniyyət naziri, indiki deputat Polad Bülbüloğlü kinoya pul
ayrılmamasından şikayətlənib, bu sahənin diqqətdən kənarda qaldığını bildirib.
News365.az xəbər verir ki, Polad
Bülbüloğlunun bu çıxışı birmənalı qarşılanmayıb. Onun çıxışına rəy bildirənlərdən
biri də tanınınmış telejurnalist Kamil Şahverdi olub. O özünün sosial səhifəsində
bunları yazıb:
“Çox düşündüm,
baş sındırdım ki, görəsən bunu danışdıran nədir?
1990-cı illərin
sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz əmi
ilə (Ramiz Mehdiyev) respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda
100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla
ərazisini restoranlara, tikinti şirkətlərinə "hədiyyə edən", Şıxovda
keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan
yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları,
kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud
olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə)
nazirliyin balansından sildirən, Kinoprokat kimi böyük bir strukturu ləğv edən
(kinoprokatın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını
isə "spisat" edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının
vacibliyindən danışır?
Nəhayət ki,
gecənin bu saatında başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz,
dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən
danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən...Bunlar
da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.
Başqa səbəb
isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm"
filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq
istəyirlər.
İnanın ki,
bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız,
musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və
Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə
vecinədi ki, gələn il kinoya pul ayıracaqlar ya yox...”
News365.az