Trampın təşəbbüsü ilə Azərbaycan-Ermənistan görüşü baş tuta bilər Azər Allahverənov

Trampın təşəbbüsü ilə Azərbaycan-Ermənistan görüşü baş tuta bilər Azər Allahverənov
12:15

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçiriləcək görüşün planlaşdırılması bölgədə sülh prosesinin növbəti mərhələyə keçidini göstərə bilər.

Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, iyul ayının 10-da baş tutmuş Əbu-Dabi görüşü də müsbət nəticələrlə yadda qalıb və həmin görüşdən sonra yüksək səviyyəli təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunmuşdu:

“Donald Trampın təşəbbüsü də bu ardıcıllığın davamı kimi dəyərləndirilə bilər. Baxmayaraq ki, bu barədə əvvəlcə rəsmi məlumat yox idi, hazırda bəzi nüfuzlu media qurumları – o cümlədən Reuters – görüşün vaxtı və formatı ilə bağlı məlumat yayıb. Bu da göstərir ki, proses aktiv fazadadır”.

Azər Allahverənov hesab edir ki, görüşdə sülh sazişi layihəsinin paraflanması müzakirə olunacaq əsas məsələlərdən biri olacaq:

“Hazırda razılaşdırılmış 17 bənddən ibarət sülh sənədi mövcuddur. Lakin sənədin imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki mühüm şərt var: Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətə dair razılaşma. Görüşdə bu məsələlər də müzakirə ediləcək”.

Deputatın sözlərinə görə, görüşdə demarkasiya və delimitasiya məsələləri, eyni zamanda Zəngəzur dəhlizi də gündəmdə olacaq:

“ABŞ bu dəhlizlə bağlı maraqlıdır və dəhlizin istismarı, təhlükəsizlik məsələlərinin kimə həvalə ediləcəyi də əsas müzakirə mövzularındandır”.

Sonda deputat qeyd edib ki, mart ayından bəri baş verən proseslər bölgədə müsbət dinamikanın formalaşdığını göstərir və Vaşinqton görüşü bu dinamikanın güclənməsinə töhfə verə bilər.


Sizin reklam burada
Sizin reklam burada