Canavar da musiqiyə qulaq asmasın, sən də...- Tural İrfan yazır
Aktual
09:19
Böyük filosof Əbu Nəsr əl Farabinin musiqiyə aid bir neçə sanballı əsəri var. Musiqinin növləri, mahiyyəti və insanın ruhi, psixoloji inkişafına dair mükəmməl fikirləri əksini tapıb. İslamda musiqi önəmli məsələdir. Quran, əzan, notlar, xüsusi məqamlar üstündə oxunur. Hətta Allah musiqini o qədər sevir ki, Qiyamət kimi önəmli hadisəni də məhz musiqi sədaları altında, İsrafilin Sur çalması ilə başlayacaq. Dörd mələkdən biri - İsrafil yalnız musiqi ifa etmək üçün xəlq edilib. Əslində təbiətə özü də musiqidir. Şəlalənin şırıltısı, küləyin vıyıltısı, ildırımın çaqqıltısı, meşənin xışıltısı, quşların oxuması, yarpaqların səsi hamısı musiqidir...
Ümumiyyətlə musiqi insanı nəcibləşdirir, duyğularını inkişaf etdirir, hətta mədəniləşdirir. Musiqidən uzaqlıq isə insanı vəhşiləşdirir, qəddarlaşdırır.
Radikal dindarların aqressiv, qəddar, qaba, kobud, sərt, hamı ilə öc olmalarının bir səbəbi də musiqidən uzaq olmalarıdır. Musiqidən uzaq olmaq adamı vəhşiləşdirir, canavarlaşdırır.
Çünki canavar da musiqiyə qulaq asmır. Bəlkə də təcrübədən keçirib bir neçə ay ona ramedici musiqi dinlətsələr xarakterində dəyişiklik yaranar. Hətta bəzi ölkələrdə inəkləri sağarkən musiqi dinlədielər ki, daha çox süd götürə bilsinlər. Nənələrimizin inək sağarkən oxşama deməsi də bu qəbildəndir.
Hətta inək belə musiqiyə qulaq asanda məhsuldarlığı artır. Elə bitkilər var ki, musiqi çalınanda daha da canlanır, ləçəkləri açılır. İnsan da xoş nəğmə dinləyəndə ürəyi ləçək kimi açılır, fərəhlənir.
İnsan nə qədər musiqidən uzaqlaşırsa o qədər vəhşiləşir. Bir bəstəkarın, musiqiçinin dünyada böyük faciə törətdiyini gördünüzmü? Ancaq bütün fitnə - fəsadı, terroru, qırğını törədənlər İŞİD kimi musiqi alətlərini tonqalda yandıranlar, musiqidən uzaq olanlardır.
Musiqi mədəniyyətin tərkibi kimi həm də insanın daxili, ruhani, mənəvi aləmi üçün qida rolundadır. Musiqidən uzaqlıq insanı vəhşiləşdirir, işidləşdirir, canavara çevirir.
Canavar da musiqiyə qulaq asmasın, sən də, daha nə fərq oldu...