Xəbər verdiyimiz kimi Azərbaycan mötəbər COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bu tədbir
təkcə qlobal iqlim dəyişikliklərinin müzakirə edildiyi bir platform deyil, həm
də dünyada təşəbbüslərin və iqtisadi güclərin birləşdiyi bir məkandır. Hər COP
tədbirindən sonra dünya ölkələri ətraf mühitin qorunmasına və ekoloji
tarazlığın bərpasına milyardlarla dollar vəsait xərcləyir.
Maraqlıdır
ki, COP29-a hazırlaşan Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə yeni
metod tətbiq təklif etməyə hazırlaşır. Bu da yaşıl enerjiyə keçiddir. Əgər
inkişaf etmiş ölkələr yaşıl enerjiyə kecsə atmosferə atılan CO2-nin həcmi kəskin
şəkildə azala bilər. Nəzərə alaq ki, ətraf mühiti ən çox çirkləndirən də məhz
inkişaf etmiş ölkələrdir.
Dünya ölkələri
ekoloji fəlakətlərin qarşısını almaq üçün düz 32 il əvvəl bir araya gəliblər. 12
iyun 1992-ci ildə 154 ölkə BMT-nin təşəbbüsü ilə UN FCCC Çərçivə
Konvensiyasını imzaladı, Bu sənəd ratifikasiya edildikdən
sonra imzalayanların hökumətləri "Yerin iqlim sisteminə təhlükəli
antropogen müdaxilənin qarşısının alınması" məqsədi ilə istixana
qazlarının atmosferdəki konsentrasiyalarını azaltmağı öhdəsinə götürdü.
O vaxtdan
başlayaraq demək olar ki, dünya ölkələri bir araya gələrək qlobal iqlim dəyişikliyinə
qarşı mübarizə tədbirlərini, əldə olunan nailiyyətləri müzakirə edir.
Mövzu ilə
bağlı News365.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, o vaxtdan
indiyə qədər konvensiya çərçivəsində 28 tədbir keçirilib:
“29-cu tədbirsə
bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Baxmayaraq ki, bu vaxtadək 28
COP tədbiri keçirilib, ancaq onlardan yalnız 4-ü tarixdə qalıb. Məhz 4 tədbirdə
dünyanın diqqətini cəlb edən qərarlar qəbul edilib. Bunlardan birincisi Kioto
protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın eyni adlı şəhərində imzalanıb. Protokola əsasən Çəeçivə Konvensiyasına qoşulan ölkələr
qlobal istiləşmənin baş verdiyi və insan tərəfindən törədilən CO2 emissiyalarının
buna təkan verdiyinə dair elmi konsensusa əsaslanaraq, istixana qazları
emissiyalarını azaltmağı öhdəsinə götürdü. Beləcə, bu protokolun tarixə düşməsi
ilə Kiyoto şəhəri də bütün sənədlərdə əks olundu, dünyada daha yaxından
tanındı. Bundan sonra 8 dekabr 2012-ci il tarixində Qətərin paytaxtı Dohada
Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə
Konvensiyasına dair Kioto Protokolu qəbul edildi. Doha Düzəlişi 2013-cü ildən başlayaraq
2020-ci ilə qədər davam edən ikinci öhdəlik müddəti üçün qəbul edildi. Bu düzəliş
də iqlim dəyişikliklərinə qarşı mübarizədə dünya ölkələri qarşısında yeni vəzifələr
müəyyən etdi. Ona görə də Dohada keçirilən COP tədbiri də tarixdə qaldı. Üçüncü
ən böyük hadisə isə 2015-ci ildə Parisdə baş verdi. Növbəti COP tədbirinə
toplaşan dövlətlər Paris sazişi — 2020-ci ildən atmosferdəki karbon
dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşmaya imza atdılar.. Sazişin də mahiyyəti o idi ki, ətraf
mühitə təsirlərin qiymətləndirilməsində və onların aradan qaldırılmasına yönəlik
maliyyə rıçaqlarının müəyyən edilməsi idi. Çərçivə Konvensiyası tarixində
dördüncü mühüm hadisə isə Şotlandiyanın Qlazqo şəhərində baş verdi. O zaman COP26 Beynəlxalq İqlim sammitinin iştirakçıları yekun sənədi
imzaladılar.
Sazişin məqsədi
2030-cu ilə qədər atmosferə istixana qazı tullantılarını maksimal dərəcədə
azaltmaqdır.Bunun üçün üzv dövlətlər daş kömürdən imtina etməli idi. Maraqlıdır
ki, o zaman yalnız Hindistan bu paktın əleyhinə çıxdı”.
COP29 tarixdə
necə qala bilər?
Müsahibimiz
qeyd edib ki, 28 COP tədbirindən yalnız 4-ü tarixdə iz buraxıb:
“Ümid edirik
ki, COP29 da hansısa qərarla, paktla və yaxud protokolla tarixə düşəcək. Əslində
bunun üçün kifayət qədər əsas var. Əsassa ondan ibarətdir ki, bütün Konvensiya üzvləri yaşıl enerjiyə
keçidi bəyan etsin. Və bununla bağlı hər bir üzv dövlət üzərinə müəyyən öhdəlik
götürsün. Beləcə, Bakı COP tədbirləri çərçivəsində tarixə düşəcək 5-ci hadisə
ola bilər. Bunun da həm ölkəmiz, həm də cəmiyyətimiz üçün çox böyük
siyasi-iqtisadi və mənəvi əhəmiyyəti var.
Nəzərə alaq
ki, Dubayda keçirilən COP28 tədbirindən sonra dünya ölkələri iqlim dəyişikliyi
ilə mübarizəyə 50 milyarda dollar civarında vəsait ayırdı. Gözlənilən odur ki,
COP29-dan sonra bu rəqəm ən azı 2 dəfə artsın. Çünki, Bakıda keçirilən tədbirdə
təkcə söz yox, həm də ortaya konkret faktlar qoyulacaq. Tək bir faktı deyək ki,
Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə
artaraq 424.5 milyon kilovatsaata çatıb. Bundan başqa Azərbaycanın bərpa olunan
enerji mənbələri üzrə potensialı 27 min Mvt dəyərləndirilir. Bu da onu
göstərir ki, Azərbaycan yaşıl enerjinin istehsalı və ixracı istiqamətində dünya
ölkələrinə yeni imkanlar təqdim edəcək. Bununla da COP tarixinə Azərbaycan öz
çağırışı ilə düşəcək. Əminliklə demək olar ki, məhz yaşıl enerjiyə keçidlə
bağlı Bakı paktı, Bakı sazişi imzalanacaq. Bununla da Bakı qlobal iqlim dəyişikliyinə
verdiyi nəhəng töhfəsi ilə onilliklər boyu tarixdə qeyd ediləcək, xatırlanacaq”.
Yaşıl
enerjiyə yatırılacaq milyardlar
Fuad
İbrahimov əminliklə vurğulayıb ki, Çərçivə Konvensiyasının üzv dövlətləri Bakı
sammitindən sonra ənənəvi enerjidən imtina edərək alternative enerji istehsalına
keçid üçün çox böyük həcmdə investisiya yatıracaqlar:
“Bakıya gələn
bütün qonaqlar yaşıl enerjiyə keçidin Azərbaycan formulunu öyrənəcək və öz ölkələrində
onun tətbiqinə çalışacaqlar. Belə olacağı təqdirdə COP29-dan sonra iqlim dəyişikliyi
ilə mübarizəyə dünya ölkələrinin yönəltdikləri vəsait 10 yox, 100 milyardlarla
hesablanacaq. Bu da COP29-un sivilizasiyaya verəcəyi ən böyük töhfə olacaq”.
News365.az