Ramiz Mehdiyev Təhlükəsizlik Şurasındakı vəzifəsindən azad edilir

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasındakı vəzifəsindən azad edilir
13:46

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barədə  Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Ramiz Mehdiyev həm də Prezident yanında Təhlükəsizlik Şurasının da üzvüdür.

Onun buradakı vəzifəsindən azad edilib-edilməyəcəyi diqqətçəkən nüansdır.

Təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, kimin nə vəzifə tutmasından asılı olmayaraq, şəxs konkret olaraq cinayət, xüsusilə də, dövlətə xəyanət maddəsi üzrə ittiham olunursa, heç bir dövlət vəzifəsində qalmamalıdır:

"Çirkli pulların yuyulması elə bir məsələdir ki, onunla bağlı istintaqın gedişini gözləmək olar. Onsuz da bu saat təqsirsizlik prezumpsiyasına görə, heç kimə cinayətkar demək olmur. İrəli sürülən ittihamlar arasında dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək məsələləri var. Bütün bunlar nəzərə alınaraq, kimin harada vəzifədə olmasına baxmayaraq, həmin dövlət vəzifəsindən təcili şəkildə azad edilməlidir. Təhlükəsizlik Şurasında, yaxud hər hansı bu cür məsul vəzifələr tutan şəxs mənə elə gəlir ki, orada qala bilməz".

İ.İsmayıl söyləyib ki, Təhlükəsizlik Şurası bu günlərdə təcili toplanmalı və Ramiz Mehdiyevi qurumdan uzaqlaşdırmalıdır:

"Onun Təhlükəsizlik Şurasındakı üzvlüyü dayandırılmalı və ya dondurulmalıdır yox, birbaşa azad edilməlidir. Burada məhkəməni gözləməyə ehtiyac yoxdur. Çünki ittihamlar elə maddələr üzrə irəli sürülüb ki, akademiyada da vəzifə tutsaydı, oradan da təcili azad edilməliydi. Mənə elə gəlir ki, Dövlət Təhlükəsizliyi Xidməti əsaslı şübhələr yarandığına görə bu şəxsi saxlayıb".


Sizin reklam burada
Sizin reklam burada