“Ramiz Mehdiyev hadisəsi göstərdi ki, heç nə unudulmur”- Turan Rzayevin şərhi

“Ramiz Mehdiyev hadisəsi göstərdi ki, heç nə unudulmur”- Turan Rzayevin şərhi
15:58
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274, 278.1 və 193-1.3.2-ci maddələri ilə ittiham edilərək həbs olunub.
Hadisə Azərbaycan ictimaiyyətində, həmçinin qonşu ölkələrdə ciddi rezonansa səbəb olub.
Əslində, təəccüblü heç nə yoxdur. Ramiz Mehdiyevin kim olduğu və nə etdiyini illərdir hər kəs çox yaxşı bilirdi. Ümumiyyətlə, Mehdiyev kimi insanlar hər ölkədə var. Onlar uzun illər yüksək postlarda çalışır, böyük təsirə malik olur, bəzən kölgədə qalaraq dövlətin strateji istiqamətlərinə yön verirlər.
Üstəlik, əksər hallarda hər bir ölkənin xüsusi xidmət orqanları, dövlət başçıları belə şəxslərin kimliyinin, hansı dairələrə işlədiyinin, arxasındakı gücün və nələr edə biləcəyinin çox yaxşı fərqində olurlar.
Əsas məsələ bu şəxslərin fəaliyyətinə müəyyən vaxta qədər icazə verilməsidir. Hesab edirəm ki, bunun da həm obyektiv, həm də subyektiv səbəbi olur.
Ümumiyyətlə, məsələ təkcə Ramiz Mehdiyev və ya onun həbsi deyil. Başa düşmək lazımdır ki, dövlətlərin strukturları bir canlı orqanizm kimidir. Yəni öz içində balanslar, ziddiyyətlər, maraqlar toqquşur. Bəzi fiqurlar nə qədər problemli olsa da, sistemin müəyyən mərhələsində faydalı ola bilər. Onlar informasiyaya nəzarət edir, potensial təhlükələri yönləndirir, yaxud xarici və daxili təhdidlərə qarşı “istifadə edilə bilən fiqur” kimi saxlanılırlar.
Bəzən onlar vasitəsilə daha böyük güclərlə danışıqlar aparılır və ya daxili mübarizələrdə balans qorunur.
Digər tərəfdən, bu şəxslərin vəzifədə uzunömürlü olmasının səbəbi dövlətin gənc və lazımi təcrübəyə hələ yiyələnməməsi ilə bağlıdır. Bəzən sistem daxilində hər kəs hər şeyi bilir, amma heç kim təkbaşına bir addım atmır. Çünki nəticədə ortaya çıxacaq xaosun idarə edilə bilməyəcəyi təhlükəsinin yaranma ehtimalı var. Belə şəxslərin “toxunulmaz” kimi görünməsi də məhz buradan qaynaqlanır.
Amma zamanla kontekst – siyasi mühit, cəmiyyətin təzyiqi, beynəlxalq münasibətlər, elə liderlərin öz mövqeləri də dəyişir. Əvvəllər strateji sayılan fiqurlar bir anda yükə çevrilə bilər. O zaman isə ya “sıradan çıxarılır”, ya da onları himayə edən dövlətlərə siyasi mesaj kimi istifadə olunurlar.
Bir daha təkrarlayıram ki, bu məsələ nə yalnız Ramiz Mehdiyev məsələsidir, nə də Azərbaycan üçün unikal haldır. Dünyanın bir çox ölkəsində belə şəxslər, təsir qrupları, beşinci kolonlar, agentlər mövcuddur. Güclü xüsusi xidmət orqanları, mərkəzləşmiş hakimiyyətlər və ya xarizmatik liderlər də bunu bilir, onları dövlət maraqları naminə idarə edirlər.
Hətta ABŞ, Çin, Rusiya kimi ölkələrdə belə bu cür şəxslər olur.
Mən isə həmişə Ümummili lider Heydər Əliyevin bu məsələlərə yanaşmasını xüsusi ilə bəyənmişəm. O, uzun illər SSRİ-nin xüsusi xidmət orqanlarında çalışıb və belə tip fiqurların psixologiyasını, metodlarını, güclü və zəif tərəflərini çox yaxşı bilib. Ulu öndərin siyasi instinkti və peşəkar təcrübəsi ona imkan verirdi ki, belə insanlardan necə istifadə etməyi, onları nəzarətdə saxlamağı və lazım gəldikdə necə neytrallaşdırmağı dəqiq hesablasın.
Bu bilik və təcrübə ona həm daxili siyasi mübarizələrdə, həm də xarici təsirləri balanslaşdırmaqda böyük üstünlük verirdi. Əliyev sistemin içindən gələn bir şəxs kimi onun necə işlədiyini və harada dayanmalı olduğunu bilirdi. Bu səbəbdən də ətrafındakı şəxslərin nə edə biləcəyini öncədən təxmin edir, onları bir növ “idarəolunan risk” kimi saxlayırdı.
Hətta bildiyim qədərilə, mərhum Prezidentə “bu şəxs filan ölkəyə xidmət edir, xaindir” deyiləndə belə o, soyuqqanlılığını pozmur və əslində bu məlumatın onda çoxdan olduğunu deyirmiş.
Bu yanaşma göründüyü qədər asan deyil. Həm güc, həm nəzarət, həm uzaqgörənlik, həm də soyuqqanlılıq tələb edir. Heydər Əliyev isə bu xüsusiyyətləri öz siyasi karyerasında dəfələrlə nümayiş etdirib.
22 illik hakimiyyət müddətində Prezident İlham Əliyev də yalnız daxili idarəçilikdə deyil, həmçinin regional və qlobal siyasi proseslərdə ciddi təcrübə toplayıb. Uzunmüddətli hakimiyyət və mürəkkəb siyasi sistemdə sabitliyi qorumaq bacarığı istər-istəməz belə fiqurların, yəni həm faydalı, həm də potensial təhlükəli ola biləcək şəxslərin idarə olunması üzrə xüsusi bir təcrübə formalaşdırır.
Prezidentin özü də aydın şəkildə bunu öz sözləri ilə vurğulayıb: “Nəyi, necə, nə vaxt etmək lazımdır – bunu mən bilirəm”.
Yaxın tarix göstərir ki, bu bacarıq müxtəlif situasiyalarda – istər daxili siyasi proseslərdə, istər beynəlxalq müstəvidə, istərsə də hərbi əməliyyatlarda özünü göstərib. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı alınan qərarlar və bu qərarların ardıcıllığı, zamanlaması bunun bariz nümunəsidir.
O cümlədən, bu yanaşma göstərir ki, müəyyən fiqurların vaxtında susdurulması yox, nəzarətdə saxlanılması daha böyük strateji hədəflər üçün lazım ola bilər. Hər kəsin rolu, vaxtı və “çıxış nöqtəsi” diqqətlə seçilir. Bu da siyasi iradənin yetkinlik səviyyəsinin göstəricisidir.
Belə idarəetmə modeli həm gücə, həm soyuqqanlılığa, həm də dəqiq hesablanmış qərarlara əsaslanır. Fikrimcə, indiki məqamda Ramiz Mehdiyev olayı ilə verilən mesaj budur:
“Heç nə unudulmur, amma hər şeyin bir zamanı var!”
Politoloq Turan Rzayev

Sizin reklam burada
Sizin reklam burada