“BMT-də ciddi dəyişikliklərə ehtiyac var” – Zaur Məmmədov

“BMT-də ciddi dəyişikliklərə ehtiyac var” – Zaur Məmmədov
14:20

Beynəlxalq münasibətlər sistemində mövcud problemlər və BMT-nin effektivliyi ilə bağlı müzakirələr yenidən gündəmdədir. Şanxay Əməkdaşlıq Təşkilatının son sammitində səslənən fikirlər də qlobal idarəçilik mexanizmlərinin nə dərəcədə işlək olması məsələsini ön plana çıxarıb.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov News365.az-a açıqlamasında ŞƏT sammitində müzakirə olunan məsələləri və Prezident İlham Əliyevin BMT ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.

Politoloqun sözlərinə görə, sammitin ilk günü ilə “ŞƏT plyus” formatında keçirilən ikinci günün gündəliyi arasında müəyyən fərqlər olub. Birinci mərhələdə daha çox çoxqütblü dünya anlayışı müzakirə edildiyi halda, ikinci tədbirdə BMT-nin qarşıya qoyduğu məqsədlərin reallaşdırılması və bunun üçün effektiv mexanizmlərin yaradılması məsələləri diqqət mərkəzində olub.

Z.Məmmədov bildirib ki, Prezident İlham Əliyev də çıxışında BMT-də islahatların aparılmasının vacibliyinə toxunub.

“Azərbaycan işğaldan əziyyət çəkmiş ölkə kimi BMT-nin bəzi mexanizmlərinin nə qədər təsirsiz olduğunu əyani şəkildə görüb. Nəticədə ölkəmiz öz torpaqlarını işğaldan azad etməyə və suverenliyini bərpa etməyə məcbur oldu. Bu gün də dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etməsi göstərir ki, beynəlxalq təhlükəsizlik sistemində ciddi problemlər qalmaqdadır”, – deyə politoloq qeyd edib.

Onun fikrincə, BMT-nin fəaliyyət mexanizmlərinin yenilənməsinə ehtiyac olduğu artıq təşkilata üzv dövlətlərin böyük hissəsi tərəfindən qəbul edilir. Lakin əsas çətinlik islahatların hansı formada həyata keçirilməsi və ölkələrin ortaq mövqeyə gəlməsidir.

“BMT-də dəyişikliklərin aparılması kifayət qədər mürəkkəb prosesdir. Bunun üçün dövlətlər arasında konsensus lazımdır. Hazırkı mənzərə isə göstərir ki, təşkilat daxilindəki böhran və fikir ayrılıqları yaxın zamanda da davam edə bilər”, – Z.Məmmədov vurğulayıb.

ŞƏT-in roluna da toxunan politoloq bildirib ki, təşkilatın əsas xüsusiyyətlərindən biri onun Qərbdən kənar böyük coğrafiyanı əhatə etməsidir. Onun sözlərinə görə, burada Qlobal Cənubun müxtəlif dövlətləri təmsil olunur.

Lakin Z.Məmmədov hesab edir ki, ŞƏT üzvlərini vahid siyasi mövqe ətrafında birləşmiş dövlətlər kimi qiymətləndirmək düzgün deyil. Təşkilat daxilində həm siyasi fikir ayrılıqları, həm də iqtisadi rəqabət mövcuddur.

“Üzv ölkələrin hamısının siyasi baxışları eyni deyil. Aralarında ciddi ziddiyyətlər var və tam siyasi birlikdən danışmaq mümkün deyil. İqtisadi əməkdaşlıq istiqamətində də rəqabət mövcuddur. Buna baxmayaraq, ŞƏT öz təcrübəsi və işlək mexanizmləri olan platformadır”, – deyə ekspert bildirib.

Politoloqun sözlərinə görə, Rusiya, Çin, Türkiyə və İran kimi ölkələr çoxqütblü dünya ideyasını müdafiə edir. Azərbaycan isə bu yanaşmada öz mövqeyinə malikdir.

“Azərbaycan üçün əsas məsələ dünyanın çoxqütblü və ya birqütblü olması deyil. Bizə daha çox ədalətli, təhlükəsiz və sabit dünya nizamı lazımdır”, – deyə Zaur Məmmədov fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada