Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələyə keçməsi fonunda İranın ali dini lideri Müctəba Xameneinin təhlükəsizliyi yenidən gündəmə gəlib. ABŞ və İsrailin İran rəhbərliyinə qarşı təzyiqləri davam etdirdiyi bir vaxtda Tehran da yeni liderin yerinin müəyyən edilməməsi üçün təhlükəsizlik tədbirlərini gücləndirir.
Politoloq Xəyal Bəşirovun News365.az-a sözlərinə görə, tərəflər arasında qarşılıqlı təhdidlər fevralın 28-də başlayan hərbi əməliyyatlardan sonra daha da kəskinləşib. O bildirib ki, əvvəlki dini liderin öldürülməsi və martın 8-də Müctəba Xameneinin onun yerinə seçilməsi ilə proses yeni mərhələyə qədəm qoyub.
X.Bəşirov hesab edir ki, ABŞ administrasiyası və İsrail hazırda İranla bağlı əsas hədəflərindən birini yeni ali liderin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi üzərində qurub.
“ABŞ-nin hazırkı administrasiyası İsraillə birlikdə uzun müddətdir gözləmə mövqeyindədir. Müxtəlif vaxtlarda hücumlar həyata keçirilir, Hörmüz boğazı və Fars körfəzi istiqamətində təzyiq davam etdirilir. Bununla paralel olaraq Müctəba Xameneinin yerinin müəyyənləşdirilməsi istiqamətində də əməliyyat aparılır”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail kəşfiyyatının yeni liderin yerini müəyyənləşdirməsi və onu aradan qaldırması üçün ciddi səylər göstərməsinə baxmayaraq, hələlik bununla bağlı konkret nəticə əldə edilməyib.
Politoloq qeyd edib ki, Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsi və açıq şəkildə hər hansı şəxslə canlı təmasda olduğuna dair görüntülərin olmaması onun yerinin müəyyənləşdirilməsini çətinləşdirir.
X.Bəşirov əlavə edib ki, İran hakimiyyəti də əvvəlki liderin öldürülməsindən nəticə çıxararaq yeni rəhbərin təhlükəsizliyini maksimum səviyyədə qorumağa çalışır.
“Onun görüşləri xüsusi təhlükəsizlik şəraitində və məhdud çərçivədə keçirilir. Təmasların müxtəlif üsullarla qurulduğu, telefon və yeni nəsil texniki vasitələrdən istifadə edilmədiyi barədə məlumatlar var. İran tərəfi də anlayır ki, Donald Tramp administrasiyası və Netanyahu hökuməti Müctəba Xameneini aradan qaldırmaq niyyətindədir”, – deyə o vurğulayıb.
Politoloqun fikrincə, ABŞ və İsrailin hələlik bu məqsədə nail ola bilməməsi qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsi riskini artırır.
“Düşünmürəm ki, səsləndirilən bəyanatlar Müctəba Xameneini ABŞ-nin hədəfinə çevirir. ABŞ tərəfi onsuz da onun zərərsizləşdirilməsi üçün maksimum səy göstərir. Bundan sonra isə regiondan çıxmaq və bununla da İran rejimini tam şəkildə devirdiklərini əsaslandırmaq istəyirlər. Məncə, onların əsas hədəfi məhz budur”, – deyə X.Bəşirov fikrini tamamlayıb.