Çökən yollar kimin məsuliyyətidir? – Ekspertdən açıqlama

Çökən yollar kimin məsuliyyətidir? – Ekspertdən açıqlama
12:30

Xırdalan-Novxanı yolunda yaranan çökmələr və yol örtüyünün yararsız vəziyyətə düşməsi sürücülər üçün ciddi narahatlıq yaradır. Belə yolların istismarına kim nəzarət etməlidir və yolun təhlükəsiz vəziyyətdə saxlanılması kimin məsuliyyətindədir?

Nəqliyyat eksperti Ərşad Hüseynov News365.az-a bildirib ki, avtomobil yollarının istismar vəziyyətinə dair konkret standartlar və normativ tələblər mövcuddur.

Ekspertin sözlərinə görə, yolun həmin tələblərə uyğun vəziyyətdə saxlanılması birbaşa onun balansında olduğu qurumun öhdəliyidir. Xırdalan-Novxanı yolu isə Abşeron rayonunun daxilində yerləşən və yerli əhəmiyyət daşıyan yoldur.

Ərşad Hüseynov qeyd edib ki, yolun keyfiyyətli şəkildə çəkilməsi ilə yanaşı, sonradan aparılan hər hansı təmir və kommunikasiya işləri də standartlara uyğun həyata keçirilməlidir:

“Yolda kommunikasiyaların dəyişdirilməsi və ya digər səbəblərlə təmir-bərpa işləri aparılırsa, həmin işlər keyfiyyətli görülməlidir. İşlər başa çatdıqdan sonra yol əvvəlki istismara yararlı vəziyyətinə qaytarılmalı və yalnız bundan sonra istifadəyə verilməlidir”.

Ekspert vurğulayıb ki, yolun istifadəyə verilməsi ilə nəzarət prosesi başa çatmır. Onun sözlərinə görə, yollar mütəmadi olaraq monitorinq edilməli, hər hansı deformasiya və ya nasazlıq aşkarlandıqda operativ şəkildə aradan qaldırılmalıdır.

“Yolun balanssaxlayanı mütəmadi baxış keçirməlidir. Eyni zamanda, vətəndaşlardan və ya digər mənbələrdən problem barədə məlumat daxil olduqda, dərhal həmin əraziyə müdaxilə edilməli və cari təmir işləri aparılmalıdır”, – deyə Ərşad Hüseynov bildirib.

O əlavə edib ki, nəqliyyat vasitələrinin və piyadaların hərəkət etdiyi hər bir yol təhlükəsizlik və keyfiyyət baxımından müəyyən olunmuş standartlara cavab verməlidir.

“Yol çox mühüm əhəmiyyət daşıyan xidmətdir. Bu xidmətdən istifadə cəmiyyətə göstərilən xidmət hesab olunur və onun lazımi keyfiyyətdə təmin edilməsi vacibdir. Əks halda insanlar vaxt itirir, əlavə əziyyətlərlə üzləşir, hətta yol-nəqliyyat hadisələrinin baş verməsi riski artır”, – deyə ekspert fikrini tamamlayıb.


Sizin reklam burada
Sizin reklam burada