Havanın dəyişməsi ilə uşaqlarda mövsümi xəstəliklərin artması valideynləri daha diqqətli olmağa vadar edir. Xüsusilə temperaturun tez-tez dəyişdiyi dövrdə uşaqların qidalanması, yuxusu və gündəlik aktivliyi onların sağlamlığında mühüm rol oynayır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova uşaqların immun sisteminin dəstəklənməsi üçün gündəlik rejimə və sağlam həyat tərzinə diqqət yetirməyin vacibliyini vurğulayıb.
News365.az xəbər verir ki, G.İsmayılova bu barədə Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı danışıb.
Mütəxəssis qeyd edib ki, uşaqların termorequlyasiya sistemi böyüklərlə müqayisədə daha həssas olduğundan temperatur dəyişiklikləri onların orqanizminə daha çox təsir göstərə bilər. Buna görə də mövsüm keçidlərində valideynlər uşaqların gündəlik rejiminə xüsusi diqqət göstərməlidirlər.
Onun sözlərinə görə, balanslı qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik immun sisteminin normal fəaliyyətinin əsas şərtlərindəndir.
Terapevt uşaqların açıq havada vaxt keçirməsinin də vacibliyini qeyd edib. O bildirib ki, fiziki aktivlik həftədə ən azı beş gün, gündə təxminən 30 dəqiqə təşkil etməlidir.
G.İsmayılova uşaqların ekran qarşısında keçirdiyi vaxta da nəzarət edilməsini tövsiyə edib. Onun fikrincə, telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların mental sağlamlığına mənfi təsir göstərə bilər.
Mütəxəssis, həmçinin uşaqların psixoloji vəziyyətinə diqqət yetirməyin və peyvəndlərin vaxtında etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bütün bu amillər uşaqların payız-qış aylarında müxtəlif xəstəliklərə qarşı daha davamlı olmasına kömək edə bilər.