Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesinin müasirləşdirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır.
“Yeni Sabah” xəbər verir ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində 15 imtahan pilot layihə çərçivəsində kompüter vasitəsilə elektron formada təşkil ediləcək.
Cari tədris ilinin payız semestrindən etibarən “Proqramlaşdırmanın əsasları”, “Proqramlaşdırma dilləri-2”, “Müasir proqramlaşdırma dilləri və texnologiyaları”, “Kompüter arxitekturası”, “Elektronikanın əsasları”, “Dövrlər nəzəriyyəsi”, “STEM-1”, “STEM-2” və “İnformasiya təhlükəsizliyi” fənlərindən sessiya imtahanları xüsusi proqram təminatı vasitəsilə elektron formada keçiriləcək.
Elektron imtahan formatı tələbələrin biliklərinin ölçülməsini daha səmərəli edir, nəticələrin emalını sürətləndirir, imtahan prosesinin müasir texnologiyalar əsasında aparılmasına şərait yaradır, prosesdə obyektivlik və şəffaflığın təmin olunmasına və universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsinə imkan verir.
Bu formatda tələbələrə suallar elektron ekranda təqdim olunur və onlar cavablarını klaviatura vasitəsilə mətn formasında yazırlar. Sistem bütün cavabları avtomatik yadda saxlayır və imtahan başa çatdıqda cavablar ayrıca fayl şəklində formalaşdırılaraq müəllimə təqdim olunur. Açıq suallar yazılı imtahan modelində (Computer-based written) müəllim cavabları elektron sistem üzərindən oxuyaraq qiymətləndirir ki, bu həm imtahan prosesində operativliyi artırır, həm də qiymətləndirmədə şəffaflığı təmin edir.
Yenilik tələbələr üçün bir sıra üstünlüklər yaradır. Sual və tapşırıqların sistemli təqdimatı imtahan prosesini daha rahat edir, cavabların daxil edilməsi və yoxlanılması sürətlənir, nəticələrin qısa müddətdə açıqlanması mümkün olur, tələbələrin rəqəmsal bacarıqları və texnoloji mühitə adaptasiyası güclənir.
Pilot mərhələnin nəticələri təhlil edildikdən sonra rəqəmsal imtahan modelinin digər fənn və proqramlar üzrə də mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Bu addım MDU-da tədrisin yenilənməsinə, innovativ yanaşmaların tətbiqinə və tələbəyönümlü mühitin gücləndirilməsinə xidmət edən mühüm yeniliklərdən biri kimi dəyərləndirilir.