İran seçim qarşısında: Vahid dövlət, yoxsa etnik münaqişə poliqonu?-FOTO

İran seçim qarşısında: Vahid dövlət, yoxsa etnik münaqişə poliqonu?-FOTO
09 Yan 2026 09:26
Uzun müddətdir İran iqtisadiyyatında müşahidə edilən gərginlik özünün ən pik həddinə çatıb. Hiperinflyasiya müəssisələrin istehsalı dayandırmasına, mağazaların bağlanmasına və bəzi məlumatlara görə, gündəlik tələbat mallarının belə rəflərdən yoxa çıxmasına səbəb olub. Baş verənlər isə artıq daxildə ictimai-siyasi xaosa yol açır. Dekabrın sonlarından başlanan etirazlar artıq domino effekti ilə öz coğrafiyasını genişləndirməkdədir. İqtisadi tələblər isə artıq küçədə siyasi tələblərə çevrilir.
Son hadisələri daha öncə baş verən eyni xarakterli proseslərdən fərqləndirən əsas səbəb daha geniş təbəqələrin aksiyalara qatılmasıdır. Bazarlarda ticarətçilər, universitetlərdə tələbələr, hətta son məlumatlara görə, təqaüdçülər də etirazlara dəstək verirlər. Bu günlərdə qəbul edilən dövlət büdcəsi onu göstərir ki, ölkə sərt kəmərsıxma dönəminə qədəm qoyur. Artıq hər kəsə aydındır ki, İran iqtisadiyyatı 2026-cı ilin əvvəlindən reanimasiyaya yerləşdirilərək, süni nəfəs aparatına bağlanıb. İndi reanimasiyadan çıxıb-çıxmayacağı, hansı formada çıxacağı həm ixtisasca həkim olan Pezeşkian və komandasından, həm də cəmiyyətdən asılıdır. Pezeşkian anlayır ki, bu günə qədər İran iqtisadiyyatı üçün süni nəfəs rolunu oynayan subsidiya siyasəti artıq effektiv deyil və indi cərrahi müdaxiləyə, yəni köklü struktur islahatlarına ehtiyac var.
Məsud Pezeşkianla paralel olaraq, devrilmiş Pəhləvilərin təmsilçisi Rza Pəhləvi də yaranmış situasiyadan istifadə edərək proseslərə müdaxilə etməyə çalışır. İndi İran cəmiyyəti özü qərar verməlidir potensial islahatlar təklif edən Məsud Pezeşkianımı, yoxsa nostalji ümid təklif edən Rza Pəhləvinimi dəstəkləyəcək? Hər iki siyasi fiqurun müqayisəli təhlilini apardıqda kimin daha effektiv ola bilmə ehtimalı ortaya çıxır.
Məsud Pezeşkian- potensial islahatlarda cərrah dəqiqliyi
Hazırda İran prezidenti kürsüsündə əyləşən Məsud Pezeşkian həm ixtisasca həkim, həm də uzun illərdir siyasi proseslərin içərisində olan şəxsdir. Aydın məsələdir ki, o, cəmiyyəti narahat edən problemlərin hansı orqandan qaynaqlandığına və onun necə müalicə edilə biləcəyinə hakimdir. Yəni İranın anatomiyasına kənardan müşahidə edərək deyil, özü toxunaraq xəstəliyini müəyyən edir. Beləliklə, xaricdə olan müxalifətdən və daxildə olan mühafizəkar teokratlardan fərqli olaraq etiraf etməyi bacarır. Problemin etirafı isə həlli üçün lazım olan ilk addımdır.
Yeni dönəmdə İran üçün Pezeşkianın əsas siyasi lider olaraq önə çıxmasının səbəblərindən biri də onun legitim olmasıdır. O, hakimiyyətə seçki ilə gəlib və beləliklə, prezident kimi bütün kəsimlərin hüquqi təmsilçisidir. Bu gün Məsud Pezeşkian faktorunun önə çıxması İran daxilində separatçı meyillərin neytrallaşdırılması baxımından vacibdir. Xarici qüvvələrin İranı destabilizasiya etmək üçün etnik kartı oynamağa cəhd edə biləcəyi bir şəraitdə, Pezeşkianın prezident kimi önə çıxması ərazi bütövlüyünün ən yaxşı qarantıdır.
Daxildə legitim olduğu qədər, Məsud Pezeşkian beynəlxalq arenada da legitimdir. Prezident seçildikdən sonra onun qonşularla səmərəli əlaqələr qurmağa meyilli olması, Azərbaycan və Türkiyə ilə əlaqələri səmimi qonşuluq səviyyəsinə çıxarması həm rəsmi Bakı, həm rəsmi Ankara tərəfindən konstruktiv qarşılanır. Pezeşkian bəlkə də son 15-20 il ərzində Azərbaycan və Türkiyə liderləri ilə ikitərəfli münasibətlərdə şəxsi yaxınlaşma əldə edə bilən yeganə liderdir. İran daxilindəki mühafizəkar teokratların Azərbaycan və Türkiyəyə qarşı münasibətlərinə baxmayaraq, rəsmi Bakı və Ankara Pezeşkian və komandası ilə birbaşa kontaktları onlardan ayıraraq nəqliyyat, iqtisadiyyat və təhlükəsizliklə bağlı dialoqlar aparmağa nail oldu.
Eyni zamanda Pezeşkian Pekin və Moskva ilə də birbaşa dialoq qurmağı bacardı. Bu isə Pezeşkianın islahatlar siyasətinə Bakı, Ankara, Moskva və Pekindən dəstəyin verilməsinə zəmin yaradır.
Rza Pəhləvi- nostalji ümid və "livanlaşma" təhlükəsi
Pezeşkiandan fərqli olaraq, Rza Pəhləvi mövcud sistemlə düşmən mövqedə dayanan fiqurdur. 40 ildən çoxdur İrandan kənarda olan və aktiv siyasi proseslərdə iştirak etməyən Rza Pəhləvinin fürsətdən istifadə edib revanş almaq hissini anlamaq olar. Rza Pəhləvi və İran diasporu nostalji hisslərlə yaşayırlar, ancaq keçmişin nostalji hissləri ilə sabahın iqtisadi islahatlarını həyata keçirmək mümkün deyil. Pəhləvi dönəminin bayrağı altında rejimin dəyişdirilməsi və Rza Pəhləvinin tərk etdiyi saraya geri dönüşünün baş tutduğu ssenari İranın "livanlaşması" prosesinin əsasını qoyacaq.
Livanlaşma nədir? Bu, mərkəzi hakimiyyətin zəifləməsi, regionların etnik idarəedilməyə verilməsidir. Şərti olaraq mərkəzi hakimiyyət olsa da, hər bir region özünəməxsus iqtisadi nemətlər üzərində özü qərar verir, hər kəsin öz polisi, öz ordusu və öz məhkəməsi olur. Beləliklə, dövlət zəif, daxili çəkişmələrlə zəngin bir dönəmə qədəm qoyur.
Nəticədə İranda kürdlər, farslar, azərbaycanlılar və digər xalqlar arasında etnik zəmində mübarizə başlayacaq. Bu da səbəbsiz deyil, Pəhləvilər əsasən fars millətçiliyi əsasında idarəçiliyi həyata keçiriblər. Ona görə Rza Pəhləvinin fars millətçiliyi vahid İran dövlətini regionlara böləcək ki, bunun da nəticəsində mərkəzi hakimiyyət zəifləyəcək, daxili böhran davam edəcək. Etnik qruplar arasında mübahisələr qanunla deyil, silahla həll edilməyə çalışılacaq. Bir sözlə, Pəhləvinin bayrağı altında rejim dəyişikliyi bir vakuum yaradacaq ki, bunu da böyük məmnuniyyətlə silahlı qruplar dolduracaq. Bunun nəticəsində İran, Suriya və İraq kimi uzunmüddətli xaos və vətəndaş müharibəsi ilə üz-üzə qala bilər. Daxili sabitlik olmayandan sonra azadlığın heç bir mənası qalmayacaq.
Geosiyasi sabitlik yeni dönəmin hədəfidir
İranla sıx iqtisadi və siyasi əlaqələri olan ölkələr, xüsusən də Türkiyə və Azərbaycan İranda monarxiyanın restavrasiyasında maraqlı deyil. İranla qonşu olan ölkələr üçün strateji maraq İranın vahid dövlət kimi qorunub saxlanması və daxildə sabitliyin təmin edilməsidir. İstənilən geosiyasi gərginlik sərhəd təhlükəsizliyi, miqrasiya kimi dalğaları alovlandıra bilər ki, bu da qonşu ölkələrin iqtisadiyyatlarına əlavə siyasi təzyiq deməkdir. İranda sabitliyin olmasında maraqlı olan ölkələr üçün Məsud Pezeşkian rəhbərliyi ilə proqnozlaşdırıla bilən, kommunikasiyaya açıq rəsmi Tehran maraqlıdır.Bura mühafizəkar teoktratlar daxil deyil.
Xüsusən də regionda yeni logistika, energetika layihələrinin icrasına başlandığı bir dönəmdə sabitlik dünənkindən daha çox aktual olur. Zəngəzur ideyasına qarşı çıxan, qırmızı xətlər çəkib, hədələr yağdıran radikallara qarşı elə Məsud Pezeşkian praqmatik mövqe sərgiləməyi bacardı ki, bu, Bakı və Ankarada yüksək qiymətləndirildi. Bu da onu göstərir ki, Məsud Pezeşkian sayəsində İran regionun nəqliyyat və logistika arxitekturasına inteqrasiya ola və bundan faydalana bilər. Yeni mərhələdə rəsmi Tehranın çürümədən qurtulmaq üçün 2 yolu var: biri Pezeşkianın təklif etdiyi dəqiq cərrahiyyə, yəni islahat, digəri isə Pəhləvinin qayıdışı ilə birdəfəlik amputasiya. Amputasiya isə istənilən halda əlillik deməkdir.
Bütün faktorlar Məsud Pezeşkianın təklif etdiyi islahat yolu ilə təkamülün düzgün olduğunu və yalnız bu yolla həm ərazibütövlüyünü qorumağın, həm problemlərdən qurtulmağın mümkün olduğunu göstərir. Bunun üçün isə ictimaiyyət Məsud Pezeşkianın arxasında dayanmalı, mühafizəkar teokratlar isə onun yolundan çəkilməlidir.Ümumiyyətlə mühafizəkar teokratlar yeni dönəmdə İranın siyasi gündəmində olmamalıdır. Hal-hazırda ölkənin üzləşdiyi problemlərin əsas səbəbkarları sırasında mühafizəkar teokratlar ön sırada dayanır. Ona görə mühafizəkar teokratlar şəxsi deyil, millətin sisini eşidib yeni mərhələdə islahatların qarşısından çəkilməli və Məsud Pezeşkian və komandasına mane olmamalıdır. Yalnız bu halda ilk öncə iqtisadi sabitləşməni, ikinci - dövlətin möhkəmlənməsini, sonra isə liberallaşmanı həyata keçirmək mümkündür. Bu model insanların həyatını və dövləti qoruyan təkamül yoludur. Ona görə də İranın gələcəyi və bütün regionun sabitliyi üçün Məsud Pezeşkian yeganə düzgün strateji seçim kimi ön plana çıxır.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada