“Gələcəkdə qiyabi təhsil anlayışının tamamilə distant təhsillə əvəz olunması mümkün görünür”.
Bu fikri təhsil eksperti Elçin Əfəndi açıqlamasında səsləndirib.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycan təhsil qanunvericiliyində əyani, qiyabi və distant təhsil formaları mövcuddur. Lakin distant təhsil diplomlu ali təhsil forması kimi tam tanınmır və əsasən fors-major hallarda – pandemiya, fövqəladə vəziyyətlər zamanı tətbiq olunur.
“Elə ola bilər ki, 5–10 il sonra distant təhsil ölkəmizdə tam bərqərar olsun. Bu təhsil forması xüsusilə işləyən əhali və fiziki məhdudiyyətli şəxslər üçün ən əlverişli variantlardan biridir,” – deyə Elçin Əfəndi qeyd edib.
O, bildirib ki, distant təhsil qiyabi təhsildən fərqli olaraq daha davamlı və sistemli tədris imkanı yaradır. Belə ki, qiyabi təhsildə tələbələr əsasən 3 aydan bir dərslərə qoşulur və qısa müddət ərzində intensiv proqram keçirlər. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilir. Distant təhsildə isə tələbələr gündəlik dərslərdə iştirak edir və tədris prosesi fasiləsiz davam edir.
Ekspertin fikrincə, yaxın illərdə distant təhsil qiyabi təhsili tam olmasa da, müəyyən mənada sıxışdıra bilər:
“Bir neçə ildən sonra qiyabi təhsil forması ləğv edilə və ya onun yerini distant təhsil ala bilər. Bu, təhsilin əlçatanlığı və çevikliyi baxımından mühüm addım olar.”
Qeyd edək ki, distant təhsilin rəsmi təhsil forması kimi tanınması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi vacib hesab olunur./// KONKRET.az