Yanacaq qiymətləri ilə bağlı proqnozlar Azərbaycanda avtomobil istifadəçiləri və daşıma sektoru üçün strateji mövzuya çevrilib. Son həftələrdə benzinin və dizelin gələcək tarifləri ətrafında müzakirələr daha da artıb. Cəmiyyətin əsas sualı isə budur: yaxın illərdə yanacaq bazarında ucuzlaşma mümkündür, yoxsa qiymət artımı qaçılmazdır?
Mövzu ilə bağlı News365.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacaq tariflərində enmə əvvəllər də müşahidə olunub və nəzəri olaraq yenidən baş verə bilər, lakin indiki şərtlər bunu ən real ssenariyə çevirmir.
Ekspert vurğulayıb ki, Azərbaycan nəqliyyat sektorunun böyük hissəsi hələ də ənənəvi yanacaqdan asılıdır:
“Ölkədə avtomobillərin təxminən 85 faizi benzin və dizellə çalışır. Yükdaşıma, sərnişin nəqliyyatı, hətta logistika zənciri də əsasən bu resurslar üzərində qurulub. Bu da daxili bazarda yanacağa tələbatı yüksək saxlayır,” – deyə Əsədov qeyd edib.
Onun fikrincə, qiymətlərin bazar mexanizmləri ilə aşağı düşməsi üçün əsas şərt alternativ yanacaq modelinə keçidin sürətlənməsidir:
“Ən praktik addım alternativ enerji və ya hibrid modellə çalışan nəqliyyat vasitələrinin idxalını artırmaqdır. Daha az yanacaq sərf edən, qənaətcil və yeni nəsil avtomobillər bazarda ənənəvi yanacağa tələbatı azalda bilər. Tələbat azalarsa, bazarda bolluq yaranar və bu da qiymətlərin enməsinə şərait yaradar,” – deyə ekspert əlavə edib.
Əsədov həmçinin bildirib ki, hazırkı reallıqda alternativ yanacaq sisteminin geniş tətbiqi hələ çətin görünür, çünki infrastruktur tam hazır deyil və keçid prosesi ləng gedir.
Nəticə olaraq ekspertin qənaəti belədir: yaxın dövrdə benzinin və dizelin kəskin ucuzlaşması gözlənilmir, lakin qiymət artımı riski müəyyən səviyyədə qalır.