Nəsimi Nəbizadənin yoxa çıxması: “Qurtuluş” rəhbərliyi həbs təhlükəsi ilə üz-üzə?

Nəsimi Nəbizadənin yoxa çıxması: “Qurtuluş” rəhbərliyi həbs təhlükəsi ilə üz-üzə?
09 Yan 2026 15:48

Tanınmış aparıcı Nəsimi Nəbizadənin reabilitasiya mərkəzindən qaçması ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə suallar doğurub.

Hadisə ilə bağlı “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov açıqlama verərək bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən kafedən yoxa çıxıb.

Onun sözlərinə görə, hadisədən dərhal sonra mərkəzin əməkdaşları Nəsimi Nəbizadənin Saray qəsəbəsində yerləşən ata evinə gediblər. Yəni anlaşılan odur ki, hüquq mühafizə orqanlarının əvəzinə, reabilitasiya mərkəzinin rəhbərliyi axtarışlara başlayıb. Bəs bu, nə dərəcədə qanunidir? Ümumiyyətlə, mərkəzin rəhbərliyini hansısa cəza gözləyə bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı bildirib ki, reabilitasiya mərkəzinin rəhbərinin bu vəziyyətdə cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsas yoxdur.

Vəkil qeyd edib ki, reabilitasiya prosesinin iki forması mövcuddur: məhkəmə qərarı ilə məcburi və ya şəxsin öz razılığı ilə könüllü müalicə. Onun sözlərinə görə, dövlət reabilitasiya müəssisələrində şəxsin zorla yatızdırılması yalnız məhkəmə qərarı əsasında mümkündür, əks halda bu, qanunla yol verilən hal deyil.

“Burada reabilitasiya mərkəzi tərəfindən səsləndirilən iddia ondan ibarətdir ki, Nəsimi Nəbizadə mərkəzdən qaçıb. Digər açıqlamada isə qeyd olunur ki, onlar birlikdə şəhərin mərkəzində çay içiblər və Nəsimi Nəbizadə WC adı ilə qalxaraq oradan ayrılıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Mərkəz də sadəcə onun harada olduğunu öyrənmək üçün axtarış aparıb. Heç bir halda zorla geri gətirilmə və ya qanunsuz hərəkət olmayıb”, – deyə Mehman Muradlı vurğulayıb.

Vəkilin sözlərinə görə, reabilitasiya mərkəzindən yalnız həmin şəxsin qeydiyyatı və müalicə prosesinə dair məlumatlar tələb oluna bilər:

“Şəxs reabilitasiya mərkəzində olub və sonradan yoxa çıxıbsa, ilkin suallar da təbii olaraq həmin mərkəzə ünvanlanır. Bu isə avtomatik olaraq mərkəz rəhbərinin məsuliyyət daşıması demək deyil. Mövcud hallarda hər hansı qanunsuzluqdan söhbət gedə bilməz”.///  KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada