“Avropa Siyasi Birliyi”nin növbəti toplantısında qlobal və regional təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli News365.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, son dövrlərdə ABŞ ilə onun NATO üzrə müttəfiqləri arasında yaranan fikir ayrılıqları bu kimi beynəlxalq platformalara da təsir göstərə bilər:
“Bu ziddiyyətlərin müəyyən mənada toplantıya daşınması ehtimalı var və təhlükəsizlik məsələsi ön plana çıxacaq”.
Onun sözlərinə görə, ABŞ-ın yeni uzaqmənzilli raketlərin Avropada, xüsusilə Almaniya ərazisində yerləşdirilməsi ilə bağlı qərarları regionda müdafiə balansına təsir edir:
“Bu cür addımlar nəticə etibarilə Avropa İttifaqının müdafiə imkanlarının zəiflədiyi ilə bağlı müzakirələri aktuallaşdırır”.
Elçin Mirzəbəyli qeyd edib ki, hazırda Avropanın təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklər müşahidə olunur:
“Vaxtilə ABŞ əsas təhlükəsizlik təminatçısı kimi çıxış edirdisə, indi Avropa dövlətlərinin öz təhlükəsizlik sistemlərini formalaşdırmaq istiqamətində daha aktiv addımlar atdığı görünür”.
Deputat əlavə edib ki, toplantıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı mesajların verilməsi də gözlənilir.
Onun fikrincə, bu proseslər fonunda Avropa İttifaqı daxilində yeni təhlükəsizlik yanaşmalarının formalaşması qaçılmazdır və bu məsələ sammitin əsas gündəm mövzularından biri olacaq.
Elçin Mirzəbəyli vurğulayıb ki, ümumilikdə toplantı mühüm geosiyasi proseslərin baş verdiyi dövrə təsadüf edir və bu baxımdan onun məzmunu xüsusi əhəmiyyət kəsb edir.