Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar təşkil edəcək.
Mərkəzdən News365.az-a verilən məlumata görə, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanda mayın 25-27-si tarixlərində qeydiyyatdan keçərək 9 illik təhsil bazasında kolleclərə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlər iştirak edə biləcəklər.
Bununla yanaşı, mayın 25-26-da təhsil aldıqları məktəblərə müraciət etmiş cari və əvvəlki illərin IX sinif şagirdləri də imtahana qatılmaq hüququ qazanıblar. İştirakçılar imtahana buraxılış vərəqələrini DİM-in müvafiq elektron xidmətləri vasitəsilə əldə edə bilərlər.
İmtahan saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də yekunlaşacaq və bu vaxtdan sonra gələn şəxslər imtahan binasına buraxılmayacaqlar. İştirakçıların rahat girişini təmin etmək məqsədilə buraxılış vərəqələrində onlar üçün fərdi giriş saatları da göstərilib.
Abituriyentlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilli və möhürlə təsdiqlənmiş arayış gətirməlidirlər.
DİM bildirib ki, imtahanlarda ümumilikdə 365 nəfərin iştirakı gözlənilir. Onlardan 6 nəfəri sağlamlıq imkanları məhdud şəxslərdir. Bu iştirakçıların rahat imtahan verməsi üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli şəxslər üçün isə fərdi nəzarətçilər təyin olunub.
İmtahan prosesinin təşkili üçün 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi cəlb edilib.