Son illər informasiya məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də ayrı-ayrı şəxslərə qarşı məqsədli qarayaxma kampaniyalarının aparılmasıdır. Təəssüf ki, bəzən insanların illərlə formalaşdırdıqları nüfuz, gördükləri işlər və cəmiyyətə verdikləri töhfələr bir neçə əsassız paylaşımın, qərəzli yazının və ya sifarişli hücumun hədəfinə çevrilir.
Ən pisi də odur ki, bu cür paylaşımlara görə həmin dezinformatorlar heç bir mənəvi və hüquqi məsuliyyət daşımır. Hüquqi məsuliyyətsizliksə özbaşnalığa yol açır.
Məsələn, son zamanlar nəğməkar şair, xeyirxah insan Cəlal Qurbanov bir qrup “xüsusi təyinatlı” dezinformatorların “radarına düşüb”. Və həmin fərdlər tanınmış fenomen olan Cəlal Qurbanovun işgüzar nüfuzuna xələl gətirmək üçün hər cür qanunsuzluğa və qarayaxmaya gedirlər.
İctimaiyyət hər zaman həqiqəti bilməyə çalışır. Lakin həqiqət axtarışı ilə qaralama cəhdləri arasında çox böyük fərq var. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi hallarda faktlar deyil, emosiyalar; arqumentlər deyil, ittihamlar; həqiqətlər deyil, şayiələr ön plana çəkilir.
Bəzənsə “ağanəzərəm, belə gəzərəm” tezisi önə çıxır. Bir çoxları tənqid yox, təhqir edir. Amma ortaya hər hansı bir fakt qoyulmur. Ümumi söz yığını ilə aparılan bu çirkin kampaniya əslində “tutar qatıq, tutmaz ayran” prinsipi ilə icra olunur.
Bəli, bəli məhz icra olunur. Çünki bu çirkin kampaniyanın maraqlı sifarişçiləri var. Və ötən gün Cəlal Qurbanov özünün sosial səhifəsi üzərindən həmin sifarişçilərə öz mesajını çatdırıb.
Amma bu hələ ki, kifayət eləmir. Çünki “söz yarası” bəzən insanın ömründən də uzun olur.
Bəs, əslində Cəlal Qurbanov kimdir?
Cəlal Qurbanov ilk növbədə ruh adamıdır. Gözəl şeirlərin müəllifidir. Və təsadüfi deyil ki, onun 30-a yaxın şerinə tanınmış bəstəkarlar musiqi bəstələyib. Bir çox tanınmış müğənnilər həmin mahnıları sevə-sevə ifa edir.
Bundan başqa Cəlal Qurbanov uzun illər dövlət oranlarında çalışıb. Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələr daşıyıb. Və polkovnik rütbəsinə qədər yüksəlib. 2023-cü ildə isə öz ərizəsinə əsasən gömrük orqanlarından çıxıb.
Ötən 3 ildə isə Cəlal Qurbanovun həyatı şeir-sənətlə və xeyriyyəçiliklə keçib.
"Fire Land"Productionun rəhbəri kimi o,"Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!" və "Mənim oğlum qəhrəmandır!" layihələrinin icrası ilə məşğuldur. Bu layihələrin fəlsəfəsi isə şəhidlərimizin ruhuna ehtiram, onların ailə üzvlərinə qayğı və cəmiyyətdə onların müqəddəs yerini təşviq eləməkdir.
Amma Cəlal Qurbanovun xeyriyyəçiliyi, humanizmi və insansevərliyi kimlərisə çox ciddi şəkildə narahat edir.
Bəlkə də özlərində olmayan xüsusiyyətin narahatçılığından belə edirlər. Axı bəzi insanlar öz uğursuzluqlarının səbəbini başqalarının uğurunda görürlər.
Bəzi adamlarsa sadəcə xəbisdir. Necə deyərlər: “İt qursağı yağ götürmür”.
Unutmayaq ki, hər bir insanın ən böyük sərvətlərindən biri onun nüfuzu və cəmiyyətdə qazandığı etimaddır. Bu etimad illərlə zəhmət, fədakarlıq və məsuliyyət hesabına formalaşır. Onu məhv etmək isə bəzən bir neçə dəqiqəlik sosial şəbəkə kampaniyası ilə mümkün olur. Məhz buna görə də hər bir vicdanlı insan sual verməlidir: görəsən, haqqında danışdığımız şəxsə münasibətdə ədalətli davranırıqmı?
Bu gün informasiya texnologiyalarının inkişafı xəbərlərin sürətlə yayılmasına imkan yaradır. Ancaq sürət həmişə həqiqət demək deyil. Təəssüf ki, bəzən insanlar faktları araşdırmadan, hadisələrin mahiyyətinə varmadan hökm verməyə tələsirlər. Halbuki ədalət hissi hər birimizdən məsuliyyətli davranmağı tələb edir.
Tarix dəfələrlə sübut edib ki, qərəzli kampaniyalar müvəqqəti olur, həqiqət isə gec-tez öz yerini tapır. İctimai rəy manipulyasiya edilə bilər, amma vicdanı və gerçəkləri sonsuza qədər aldatmaq mümkün deyil. İnsanların fəaliyyətinə qiymət verilərkən emosiyalar deyil, faktlar danışmalıdır.
Bu gün ən vacib məsələ kiminsə tərəfini tutmaq deyil, ədalətin tərəfini tutmaqdır. Əgər bir şəxs haqqında ittihamlar səsləndirilirsə, onlar sübutlarla təsdiqlənməlidir. Əgər belə sübutlar yoxdursa, həmin ittihamlar yalnız cəmiyyətə zərər vurur, insanlar arasında inamsızlıq yaradır və sağlam müzakirə mühitini pozur.
Cəmiyyətimizin ən böyük gücü ədalətə inamdır. Bu inam qorunduqca, heç bir qarayaxma kampaniyası həqiqəti üstələyə bilməz. Şayiələr zamanın tozunda itib gedir, həqiqət isə qalır. Məhz buna görə də hər birimiz emosiyaların deyil, həqiqətin yanında dayanmalı, insanlara hökm verməzdən əvvəl vicdanımızın səsinə qulaq asmalıyıq.
News365.az