Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
News365.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Məlumata görə, iclasda ölkə daxilində və xaricində terror təşkilatlarına, o cümlədən PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlar, həmçinin regional və beynəlxalq proseslər müzakirə olunub.
Şurada terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb. Mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar, vətəndaşların, xüsusilə uşaqların və gənclərin təhlükəsizliyinin təmin olunması məsələləri də diqqət mərkəzində olub.
İclasda Türkiyənin Şimali Kiprin hüquq və mənafelərini qorumaqda qərarlı olduğu bildirilib, Şərqi Aralıq dənizində sülh və sabitliyə zərər verə biləcək addımlara imkan verilməyəcəyi qeyd olunub.
Bəyanatda İran və ABŞ arasında əldə olunmuş razılaşma müsbət qiymətləndirilib, Suriyada sabitliyin möhkəmləndirilməsinə dəstəyin davam etdiriləcəyi vurğulanıb. İsrailin Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüds və Livanla bağlı hərəkətlərinin regional sülh səylərinə mənfi təsir göstərdiyi bildirilib və beynəlxalq ictimaiyyət prinsipial mövqe tutmağa çağırılıb.
Şura həmçinin İraqla strateji əməkdaşlığın davam etdirilməsi, Rusiya-Ukrayna müharibəsində ədalətli və dayanıqlı sülhün əldə olunmasının vacibliyi, Afrika qitəsində sabitliyin dəstəklənməsi və Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində gedən prosesləri müzakirə edib.