Ötən gün Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsinə”
təklif edilən dəyişikliklər müzakirə edildi və qəbul olunaraq plenar iclasa
tövsiyə edildi. Dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə
illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75
faiz güzəşt tətbiq olunacaq. Layihəyə əsasən, proqram təminatının işlənməsi,
layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst
auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və
s. istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq.
Mövzu ilə
bağlı News365.az–a danışan Millət vəkili Vüqar Bayramov bildirib ki,
VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən
2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər:
“Eyni
zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də
istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət
müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda,
o gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək.
Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil
olunur.
Yeni
qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab
olunur. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra
bilər”.
News365.az