İnkişaf
etmiş ölkələrin liderlərinin COP29-da iştirak etməməsi öz aləmlərində rəsmi
Bakıya yox, yaratdıqları BMT-yə hörmətsizlikdir. Bakı beynəlxalq qurumun üzvlərinin
səs çoxluğu ilə qəbul etdiyi keçirilmə məkanıdır. Bakı sadəcə yüksək təşkilatçılıqla
bu işi öhdəsinə götürən məkandır, Xəzərin sahilində yerləşən bir ölkədir, yəni
dünyanın bir parçası.
Bir də
inkişaf etmiş ölkələrin liderləri hansı üzlə bu tədbirə gəlməlidir ki. Birincisi,
dünyanın ekoloji cəhətdən daha çox fəlakətlə üz-üzə qoyan inkişaf etmiş ölkələrdir,
əsasən Bakıya gəlməyənlər. Öz ölkələrində ekoloji tarazlığı qorumaq üçün
zavodları Afrika, Asiyanın kiçik ölkələrində tikirlər ki, nə olursa, onlara
olsun. Anlamırlar ki, istixana qazları kiçik ölkə-zad, hava məkanı tanımır,
buxar, tüstü ümumi dünyanı əhatə edir, buludlar da, günəş də ayrı deyil,
birdir, təkdir, yeganədir. Qara yağış yağanda da ümumi bütün ölkələrin başına
yağacaq, qlobal istiləşmə də onları qış vaxtı haqlayacaq.
Həmin dünya
liderləri ona görə Bakıya gəlmədilər ki, yalançıdılar, verdikləri sözə əməl
etmirlər. COP29-un gündəminin ən mühüm bəndi iqlim proqramlarını maliyyələşdirmək
üçün inkişaf etməkdə olan ölkələrə ildə bir trilyon dollara qədər vəsaitin ayrılması
barədə razılığa gəlməkdir. Hazırda belə maliyyələşdirmənin həcmi 100 milyard
dollardır və onun müddəti bu il başa çatır. 2020-ci ildən bəri zəngin və ya
inkişaf etmiş ölkələr bu öhdəlikləri yerinə yetirmirlər,
Bu prosesə
etinasızlıqla yanaşdılar, istixana buxarının normasını artırdılar. Danışanda da
minnət qoyurlar ki, biz xeyriyyəçiliklə məşğuluq. Halbuki bu xeyriyyəçilik
deyil, etdiklərinin yuyulmasıdır.
BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Steel də
dedi ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil. Onun sözlərinə görə, belə
addımlar hər bir ölkənin, o cümlədən ən böyük və ən zəngin ölkələrin
maraqlarına tam cavab verir. "Əgər dünya ölkələrinin ən azı üçdə ikisi
tullantıları (atmosferə karbon qazı) kəskin şəkildə azaltmağa gücü çatmasa, hər
bir ölkə bunun bədəlini ödəyəcək”.
Dünya liderlərinin
hər COP tədbirində yalan və etinasızlıq dolu bəyanatlar verməsi, həmin bədəlin
ödənməsinin zamanını yaxınlaşdırır. Ötən il Dubayda keçirilən analoji sammitdə
ölkələr mədən yanacaqlarından mərhələli şəkildə imtina etmək barədə razılığa gəlmişdilər,
lakin o vaxtdan bəri onların istifadəsi və satışı artmaqda davam edib. İnkişaf
etməkdə olan kiçik ölkələrin rəhbərləri bəli-bəzəkli bəyanatların reallığa
çevrilməsi ümidilə Bakıya gəlmişdilər ki, cəhənnəmə çevrilən iqlim dəyişikliyi
üçün onlara maliyyə ayrılsın. Lakin inkişaf etmiş ölkələr guya Bakını bəhanə
edib təşrif buyurmadıar. Halbuki Bakı bəhanə idi. Bu işə könülsüz yanaşırlar və
xəsislik əsas səbəbdir.
O ki qaldı
Bakıya kiçik ölkə rəhbərlərinin gəlişinə ağız büzən, Azərbaycanın həmin ölkələrlə
əlaqələrinə dodaq qaçıranlara, unutmayaq ki, onlar BMT-nin üzvüdür, həm də bir
səs deməkdir. Sabah Azərbaycanı haqsız yerə diz çökdürməyə çalışsalar, o bir səs
ölkəmizi xilas edər.
Azər Qismət, yazıçı publisist