"2025-ci ilin Dövlət Büdcəsi sosial yönümlüdür" - Vüqar Bayramov

"2025-ci ilin Dövlət Büdcəsi sosial yönümlüdür" - Vüqar Bayramov
18 Noy 2024 13:40

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi başlayıb. Müzakirələrdə bir çox hökümət üzvləri iştirak edir. Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə Dövlət Büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Nəzərə alaq ki, son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb.

News365.az xəbər verir ki, Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki,  ölkəmizin maraqlarının beynəlxalq səviyyəyə çatdırılması üçün 40 milyon manat nəzərdə tutulub:

“4 şəhər və rayon dotasiya almadan öz gəlirlərini təmin edirdisə, növbəti ildə say 62-ə çatacaq. Yerli bələdiyyələr üçün 13.5 milyon manat dotasiya ayrılacaq”, deyə o, əlavə edib”.

Mövzu ilə News365.az –a açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, büdcə vəsaitlərinin 45 faizə yaxını sosial xərclərə yönəldiləcək. Bu da o deməkdir ki, növbəti ildə büdcədən xərclənən hər 100 manatın 45 manatı sosial yönümlü olacaq. Eyni zamanda gələn il sosial təminat və sosial müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Növbəti ildə bu istiqamətə ayrılan vəsaitin həcmi 4 milyard 988 milyon manat olacaq. Bu da 2024-cü illə müqayisədə 14 faiz çoxdur.

Cənab Prezidentin tapşırığı ilə yanvar ayının 1-dən minimum əmək haqqı, minimum pensiyalar və eləcə də bütün əmək pensiyaların minimum həddinin artırılacağı gözlənilir. Beləcə növbəti ildə biz sosial sahəyə daha çox büdcə vəsaitinin ayrılacağını görəcəyik”.

Millət vəkili onu da qeyd edib ki, növbəti ildə iqtisadi istiqamətlərə, o cümlədən də Qarabağ və Şərqi Zəngəzurun bərpasına da daha çox vəsaitin ayrılacağı gözlənilir:

“İlkin büdcə sənədində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 4 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərin bərpasının və məskunlaşmanın daha sürətlə aparılacağından xəbər verir. Ümumilikdə, həm təhlükəsizlik, həm iqtisadi, həm də bərpa istiqamətlərinə vəsaitlərin ayrılmasına baxmayaraq  2025-ci ilin Dövlət Büdcəsi sosial yönümlü büdcədir.”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər