Yeni Ekoloji Lüğət: Azərbaycanın Yaşıl Gələcəyinə Töhfə

Yeni Ekoloji Lüğət: Azərbaycanın Yaşıl Gələcəyinə Töhfə
15:08

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının dosenti Eldar Şahgəldiyev, həmin kafedranın müəllimi - Oqtay İsmayıl, filologiya üzrə fəlsəfə doktorları Ləman Qasımlı, Heydər Quliyev “Glossary of Ecological Terms” adlı ekoloji terminlər lüğətini hazırlayaraq bu sahədə mühüm bir addım atıblar. Lüğət, ekoloji terminologiyanı geniş şəkildə izah edərək, mütəxəssislər və təhsil alan şəxslər üçün faydalı bir qaynaq təqdim edir.

News365.az-a açıqlamasında Ləman Qasımlı bu lüğətin hazırlanması prosesində göstərdiyi əzmkarlığı və dəstəyi qeyd edərək, "Lüğətin hazırlanması bu il bizim üçün çox önəmli idi. Bildiyimiz kimi, 2024-cü il ölkəmizdə 'Yaşıl Dünya' ili olaraq elan edilib. Prezident İlham Əliyev 2023-cü ilin 25 Sentyabrında bu barədə sərəncam imzalayıb. Bu sərəncamda, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına töhfə vermək, yaşlı insanların problemlərinə qarşı mübarizə aparmaq və 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmağı hədəf olaraq müəyyən edilib. Bugünkü dünyada iqlim dəyişiklikləri ən qlobal problemlərdən biridir. Bu çətin vaxtda, Prezidentimizin bu addımı atması Azərbaycan üçün çox mühüm bir hadisədir. Bu çox böyük və qiymətli bir addımdır. Hər sahə özünə uyğun olaraq bu mövzuya töhfə verməyə çalışır. Biz də dilçilik və tərcümə sahəsində, xüsusilə lüğətçi kimi, öz töhfəmizi veririk.”

L.Qasımlı açıqlamasında vəsaitin hazırlanmasına xüsusi dəstək verən rəhbər şəxslərə təşəkkürünü bildirib: “Azərbaycan Universitetinin rektoru hörmətli Səadət xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, bizə güvəndi və bu layihə üçün dəstəyini əsirgəmədilər. Bu işdə bizimlə əməkdaşlıq edən kafedramızın digər əməkdaşları, o cümlədən kafedramızın müdiri Gülnar xanım Rzayevaya da təşəkkür etmək istəyirəm. Onun lüğətin hazırlanmasında və çap olunmasında əvəzolunmaz dəstəyini vurğulamamaq mümkün deyil."

Müsahibimiz, lüğət hazırlamağın çətin və uzun bir proses olduğunu da vurğulayıb: "Lüğət hazırlamaq çox mürəkkəb və uzun bir prosesdir. Mən əvvəllər də bir neçə digər lüğətlərin hazırlanmasında iştirak etmişəm. Bu iş çox vaxt aparır, çünki hər bir sözün və ifadənin mənasını aydınlaşdırmaq və cəmiyyətə təqdim etmək çox vacibdir. Bizim lüğətimiz ekoloji sahədə istifadə edilə bilən çoxlu terminlər və ifadələri əhatə edir. Burada daha çox ekoloji problemlərlə əlaqəli ifadələr və terminlər istifadə edilmişdir.”

“Glossary of Ecological Terms” kitabının ekoloji sahədə daha çox istifadə olunan terminləri əhatə etdiyini qeyd edən Ləman Qasımlı, bu lüğətin "təkcə elmi mütəxəssislər üçün deyil, həm də ekoloji məsələlərə maraq göstərən hər kəs üçün faydalı olacağını" əlavə edib. O, həmçinin bu lüğətin müsbət qəbul ediləcəyinə inandığını bildirib: “Eyni zamanda, ekoloji cəhətdən faydalı olan bu lüğətin, daha geniş ictimaiyyət tərəfindən qəbul olunacağını düşünürəm. Lüğət, həm mütəxəssislər, həm də gündəlik həyatda ekoloji məsələlərlə maraqlanan şəxslər üçün faydalı olacaq. Bu cür təhsil alıcıların və mütəxəssislərin istifadəsi üçün vacib bir mənbədir. Bizim məqsədimiz, bu lüğəti geniş şəkildə yayımlamaq və istifadəyə təqdim etməkdir ki, həm təhsil, həm də peşəkar mühitdə faydalı olsun."

Kitab, həmçinin COP29 sammiti və Azərbaycanın ekoloji məsələlərə verdiyi önəmlə birbaşa əlaqəli olaraq, bu sahədəki tədris və tədqiqatlarda mühüm bir vasitə kimi çıxış edəcək. Bu, həmçinin Azərbaycanın ekoloji sahədəki beynəlxalq səylərini dəstəkləyən bir addımdır.

Müəllimlərin akademik sahədə atdığı bu mühim addımı alqışlayır və uğurlarının davamlı olmasını arzulayırıq!


Könül Abdullayeva


Youtube kanalımız

Oxşar xəbərlər