Bu küçə zibillik poliqonunu XATIRLADIR

Bu küçə zibillik poliqonunu XATIRLADIR
09:41

Bakının Binəqədi rayonunun Mədən 1 yaşayış massivində yerləşən Aşırım küçəsi illərdir antisanitar vəziyyətin və infrastruktur problemlərinin mərkəzinə çevrilib. Sakinlər bildirir ki, məişət tullantılarının kütləvi şəkildə dərəyə atılması nəticəsində ərazi zibillik poliqonunu xatırladır və bu, onların sağlamlığını birbaşa təhlükə altına alır.

News365.az xəbər verir ki, yaxınlıqda yerləşən özəl müəssisələr, fermalar və fərdi evlər bütün məişət tullantılarını eyni məkana atır. Uzun illərdir xəstəlik mənbəyinə çevrilmiş bu əraziyə aidiyyəti qurumlar baxış keçirsə də, nəticə dəyişməyib.

Sakinlərin sözlərinə görə, onlara dəfələrlə söz verilsə də, nə tullantı problemi aradan qaldırılıb, nə də küçənin asfaltlanması ilə bağlı addım atılıb. Aşırım küçəsinin 1 kilometrə yaxın hissəsi hələ də çınqıllı və çuxurlarla doludur.

Məsələ ilə bağlı Binəqədi kənd bələdiyyəsinə müraciət edilsə də, yeni seçilmiş sədr yerində olmayıb. Onun müavini Nihat Haqverdiyev isə bildirib ki, hər iki problem – həm zibilin yığılması, həm də yolun təmiri diqqətdə saxlanılacaq.

Digər tərəfdən, Binəqədi rayon İcra Hakimiyyəti isə mövzuya fərqli yanaşma sərgiləyib. Qurumdan bildirilib ki, Aşırım küçəsi 13 qeyd olunan ünvan inzibati olaraq Binəqədi rayonuna daxil deyil.

Bu isə sual doğurur: bələdiyyəmi, yoxsa icra hakimiyyəti əraziləri tanımır?

Sakinlər isə ümid edirlər ki, bu dəfə verilən vədlər reallığa çevriləcək və həm antisanitar vəziyyət, həm də yolların bərbad durumu aradan qaldırılacaq.


Sizin reklam burada
Sizin reklam burada