Bu gün 51 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 51 mindən çox şagird buraxılış imtahanı verəcək
13 Apr 2025 08:51

Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

DİM-dən bildirilib ki, imtahanda 51 min 237 şagirdin iştirakı nəzərdə tutulur.

Bu imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 60 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3816 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər, 4762 nəzarətçi, 685 buraxılış rejimi əməkdaşı (mühafizə) və 212 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan verəcək şagirdlər buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 3-dən etibarən çap edib götürə bilirlər.


Sizin reklam burada
Sizin reklam burada