Tramp: İranla atəşkəs qüvvədə qalır

Tramp: İranla atəşkəs qüvvədə qalır
09:44

ABŞ Prezidenti Donald Trump Vaşinqton və Tehran arasında əldə olunduğu bildirilən atəşkəs razılaşmasının hələ də qüvvədə olduğunu bəyan edib. O, son günlər tərəflər arasında yaşanan qarşıdurmalara baxmayaraq vəziyyətin nəzarətdə saxlanıldığını vurğulayıb.

News365.az xəbər verir ki, “ABC News”a müsahibəsində Tramp bölgədəki gərginliyi şərh edərkən “Atəşkəs qüvvədə qalır” ifadəsini işlədib və baş verənləri “qısa müddətli qarşıdurma” kimi dəyərləndirib.

Məlumata görə, ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında Amerika hərbi gəmilərinə təhlükə yarandığını əsas gətirərək İranın bəzi hərbi mövqelərinə zərbələr endirib. Vaşinqton bu addımın müdafiə xarakterli olduğunu açıqlayıb.

İran tərəfi isə ABŞ-ni razılaşmanı pozmaqda günahlandırıb. İran Silahlı Qüvvələrinin nümayəndəsi bildirib ki, ABŞ qüvvələri Hörmüz boğazına doğru hərəkət edən İran tankerini hədəfə almağa cəhd göstərib.

Bunun ardınca Tramp sosial şəbəkə hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesin raketlər, pilotsuz aparat və sürətli qayıqlarla hücuma məruz qaldığını iddia edib. O qeyd edib ki, hücumların qarşısı alınıb və İran tərəfinə məxsus bəzi hərbi vasitələr məhv edilib.

ABŞ Prezidenti eyni zamanda İranı nüvə sazişini tezliklə imzalamağa çağırıb və əks halda Vaşinqtonun daha sərt addımlar ata biləcəyini bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada