Çek verilmir, ƏDV geri qaytarılmır – vətəndaşlar nə itirir?

Çek verilmir, ƏDV geri qaytarılmır – vətəndaşlar nə itirir?
10:05

Son dövrlər mağaza və ictimai iaşə obyektlərində POS-terminal əvəzinə “kartdan-karta” ödənişlərin tələb olunması halları geniş yayılıb. Bir çox vətəndaş bildirir ki, bəzi ticarət və xidmət məkanlarında bank kartı ilə rəsmi ödəniş etmək mümkün olmur, ödənişin yalnız şəxsi karta köçürülməsi istənilir və bunun müqabilində kassa çeki təqdim edilmir.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a açıqlamasında bildirib ki, bu cür hallar həm istehlakçı hüquqlarına, həm də maliyyə şəffaflığına ciddi təsir göstərir.

Onun sözlərinə görə, istehlakçılar üçün əsas məsələ ödənişi rahat şəkildə həyata keçirməkdir. Lakin vətəndaş fərqində olmadan qanun pozuntusunun iştirakçısına çevrilə bilər:

“Birliyimizə bu məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Xüsusilə mebel sifarişləri, təmir və müxtəlif xidmət sahələrində vətəndaşlardan ödənişin POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürülməsi tələb olunur. İnsanlar bunu rahatlıq kimi qəbul etsələr də, əslində bu üsul vergidən yayınma hallarına şərait yaradır”.

Eyyub Hüseynov qeyd edib ki, bəzi sahibkarlar rəsmi dövriyyəni gizlətmək üçün məhz “kartdan-karta” ödəniş üsuluna üstünlük verirlər:

“Belə hallarda nə POS-terminal qəbzi, nə də nəzarət-kassa çeki təqdim olunur. Nəticədə istehlakçı həm hüquqlarını müdafiə etmək imkanından məhrum olur, həm də “cashback” və “ƏDV geri al” kimi üstünlüklərdən yararlana bilmir”.

AİB sədri hesab edir ki, bu istiqamətdə geniş maarifləndirmə aparılmalıdır:

“İstehlakçılar bilməlidirlər ki, ödənişi rəsmi qaydada etmək onların hüquqlarının qorunması baxımından vacibdir. Ticarət və xidmət obyektlərində “kartdan-karta” ödəniş tələbi aradan qaldırılmalıdır. Bu hal dövlətin vergi və maliyyə siyasətinə də ziddir”.

Məsələ ilə bağlı Dövlət Vergi Xidməti də vətəndaşları ödənişləri yalnız POS-terminal vasitəsilə həyata keçirməyə çağırır. Qurum bildirir ki, “kartdan-karta” köçürmələr əksər hallarda vergidən yayınma məqsədi daşıyır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə nağdsız ödənişdən imtina edən sahibkarlara maliyyə sanksiyaları tətbiq olunur. Təkrar hallarda cərimənin məbləği 6 min manata qədər yüksələ bilər.


Sizin reklam burada
Sizin reklam burada