“İrəvanda özümü evimdə hiss edirəm” sözləri müzakirə yaratdı

“İrəvanda özümü evimdə hiss edirəm” sözləri müzakirə yaratdı
10:00

Politoloq Turan Rzayev Türkiyə–Ermənistan münasibətlərinin normallaşması prosesinə dair fikirlərini bölüşüb.

O News365.az-a bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin bərpası Bakı üçün narahatlıq doğurmur və bu proses ümumilikdə Azərbaycanın maraqlarına zidd hesab edilmir.

Ekspertin sözlərinə görə, Ermənistan–Azərbaycan sülh danışıqları ilə Türkiyə–Ermənistan normallaşma prosesi paralel şəkildə davam edir və Ankara ilə Bakı bütün məsələlər üzrə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Lakin Turan Rzayev Türkiyə–Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıçın Ermənistana son səfəri zamanı səsləndirdiyi fikirlərin müzakirələrə səbəb olduğunu bildirib.

Politoloq xüsusilə Serdar Kılıçın erməni jurnalistin sualına cavab olaraq “Burada özümü evimdəki kimi hiss edirəm” deməsinə diqqət çəkib. Onun fikrincə, belə açıqlamalar diplomatik baxımdan birmənalı qarşılanmır. Rzayev qeyd edib ki, İrəvanda hər il keçirilən yürüşlər zamanı Türkiyə bayrağının yandırılması fonunda bu cür ifadələr daha həssas qəbul edilir.

Ekspert həmçinin Azərbaycanın baş nazir müavini Şahin Mustafayevın yaxın vaxtlarda Ermənistana etdiyi səfəri nümunə göstərərək bildirib ki, o, erməni dilini bilməsinə və Ermənistanda doğulmasına baxmayaraq, diplomatik çərçivədən kənara çıxan açıqlamalar verməyib.

Turan Rzayev hesab edir ki, Serdar Kılıçın Ermənistana münasibəti adi diplomatik münasibətlərdən daha fərqli görünür. O, diplomatın vaxtilə Livan və ABŞ-də səfir kimi fəaliyyət göstərməsini də xatırladıb və həmin ölkələrdə güclü erməni diasporunun mövcudluğuna diqqət çəkib.

Politoloqun fikrincə, Türkiyə bayrağının yandırılması kimi hadisələrin yaşandığı bir vaxtda Serdar Kılıçın səsləndirdiyi ifadələr Türkiyə diplomatına uyğun üslub sayılmır.

Sonda Rzayev vurğulayıb ki, Serdar Kılıçın doğulduğu Samsun şəhəri Türkiyə Cümhuriyyətinin tarixində xüsusi əhəmiyyətə malikdir. O xatırladıb ki, Mustafa Kamal Atatürk milli azadlıq mübarizəsinə məhz Samsundan başlayıb.


Politoloq Turan Rzayev


Sizin reklam burada
Sizin reklam burada