“Etirazını ifadə etmək istəyən şəxslərin hüquqi və qanuni vasitələrdən istifadə etmək imkanı var. Vətəndaşlar öz narazılıqlarını piket, plakat və ictimai çıxışlar vasitəsilə ifadə edə bilərlər. Lakin məktəb direktoruna məxsus avtomobilin yandırılması kimi əməllər artıq cinayət xarakteri daşıyır və belə hadisələr hüquqi qiymətini almalıdır.”
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili vurğulayıb ki, heç bir cinayət hadisəsi istintaqdan və məsuliyyətdən kənarda qalmamalıdır. O, bu kimi halların hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağına və müvafiq hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirib.
Deputat çıxışında baş verən hadisələrdə xarici qüvvələrin rolunun böyük olduğunu düşündüyünü də ifadə edib.
Cavanşir Feyziyev, həmçinin Azərbaycanın tarixən dünyəvi dəyərlərə sadiq olduğunu vurğulayaraq, milli mədəni irsdə şəxsi azadlıq və gender bərabərliyi məsələlərinə toxunub. O, “Kitabi-Dədə Qorqud” dastanını nümunə göstərərək, Azərbaycan cəmiyyətində qadın və kişilərin mövqeyi, eləcə də fərdi azadlıqlar barədə fikirlərini bölüşüb.
Deputatın fikrincə, əgər əsrlər əvvəl insanların şəxsi seçimlərinə və azadlığına hörmət göstərilibsə, XXI əsrdə geyim və həyat tərzi ilə bağlı məcburiyyətlərin tətbiq edilməsi sual doğurur. O, cəmiyyətin keçmişə qayıtmaq əvəzinə, müasir dünyadakı inkişaf meyillərinə və gələcəyə hesablanmış həyat prinsiplərinə diqqət yetirməsinin vacibliyini qeyd edib.
Cavanşir Feyziyev hesab edir ki, şəxsi azadlıqların qorunması, müasir dəyərlərə hörmət və qanunun aliliyi cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır.