Məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələr siyasi və dini müstəvidə də müzakirə mövzusuna çevrilib. Politoloq Əlimusa İbrahimov hesab edir ki, məsələ ətrafında yaranan reaksiyalar təkcə məktəbli forması ilə məhdudlaşmır və bəzi xarici qüvvələr mövcud vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.
Politoloq Əlimusa İbrahimov bu barədə News365.az-a açıqlamasında danışıb.
O bildirib ki, hadisənin ilkin mərhələsində məsələnin ölkə daxilində aidiyyəti dövlət qurumlarının müdaxiləsi ilə həll olunacağı gözlənilsə də, sonrakı proseslər fərqli istiqamətdə inkişaf edib.

“Gözlənilirdi ki, bu, sadəcə ölkə daxilində baş verən bir hadisədir və tezliklə xarici qüvvələrin təsiri və təzyiqi olmadan, dövlətin müvafiq strukturlarının müdaxiləsi ilə həll olunacaq. Amma belə olmadı. Görünən odur ki, bizim də qeyd etdiyimiz bəzi xarici qüvvələr, o cümlədən İran və Türkiyədəki müəyyən dini dairələr bu prosesə əvvəlcədən hazırlaşıblar. Hadisə baş verən kimi geniş müzakirələr başladı və bu gün Azərbaycanla bağlı baş verənlər onu göstərir ki, məsələ təkcə bir günün hadisəsi və ya məktəblərdə yeni formaya keçidlə bağlı deyil”, – deyə politoloq bildirib.
Ə. İbrahimovun fikrincə, bəzi xarici qüvvələr Azərbaycanda baş verən hadisələrdən öz siyasi məqsədləri istiqamətində istifadə etməyə çalışırlar.
“Zaman-zaman Azərbaycanın digər təsir və təzyiq vasitələri ilə üzləşdiyi hallarda ölkə daxilində müəyyən qrupları hərəkətə gətirmək cəhdləri olub. Tarix göstərir ki, bu cür cəhdlər uğur qazanmayıb. Düşünürəm ki, indiki halda da belə cəhdlər nəticə verməyəcək”, – deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, Azərbaycanda insanların dini hisslərini ifadə etməsinə və dini ayinləri yerinə yetirməsinə qarşı məhdudiyyət yoxdur. Onun sözlərinə görə, məktəblərdə vahid qaydaların tətbiqi və uşaqların dini təbliğatdan kənarda saxlanılması fərqli məsələlərdir.
“Azərbaycanda insanların dini hisslərinə və dini ayinləri yerinə yetirməsinə qarşı heç bir məhdudiyyət yoxdur. Sadəcə, dövlət məktəblərdə ümumi qaydalar müəyyənləşdirib və dini təbliğatın uşaqlardan uzaq tutulmasına çalışır. Məsələ bu qədər sadədir”, – deyə Ə. İbrahimov bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın qadınların geyimi və hicabla bağlı formalaşmış siyasəti var. Politoloqun fikrincə, dövlət və təhsil müəssisələrində dini elementlərin tətbiqinə münasibətdə mövcud yanaşmanın gələcəkdə də dəyişməyəcəyi gözlənilir.