Vahid məktəbli forması ətrafında yaranan müzakirələr təhsil sistemində dövlət nəzarəti, dünyəvi təhsil prinsipləri və məktəblərin əsas missiyası məsələlərini yenidən gündəmə gətirib. Təhsil eksperti Etibar Əliyev hesab edir ki, məktəblərdə vahid qaydaların qorunması, maarifçiliyin inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi dövlətin əsas prioritetlərindən olmalıdır.
News365.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Etibar Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 tələbənin Prezident təqaüdünə layiq görülməsinə diqqət çəkib. O bildirib ki, həmin tələbələrin 54-nün qız olması qızların təhsil sahəsində qazandıqları uğurların göstəricisidir.
Ekspert qızların akademik nailiyyətlərinə toxunaraq onların gələcəkdə ölkənin insan kapitalının inkişafına mühüm töhfə verəcəklərini vurğulayıb. O, həmçinin beynəlxalq qiymətləndirmələrdə və fənn olimpiadalarında qızların uğurlarını qeyd edib.
Etibar Əliyevin fikrincə, dünyəvi təhsil sisteminin inkişafı üçün mövcud qanun və qaydalara əməl olunması vacibdir. Onun sözlərinə görə, son hadisələr təhsil sahəsində diqqət yetirilməli olan bəzi məsələləri də üzə çıxarıb.
Ekspert Azərbaycanın gələcək inkişafında həmrəyliyin, müstəqilliyin, maarifçiliyin, elm və təhsilin mühüm yer tutmalı olduğunu bildirib.
“Misilsiz Zəfər qazanmış Vətənimizin yeni ideologiyasının nüvəsini həmrəylik, müstəqillik, maarifçilik, elmin və təhsilin inkişafı təşkil edəcək. Məktəb heç zaman nə dövlətin, nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz”, – deyə o qeyd edib.
Etibar Əliyev məktəblərin idarə olunması məsələsinə də toxunaraq tədris, tərbiyə və fiziki hazırlıq prosesinin yüksək səviyyədə təşkil edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu məsuliyyətin öhdəsindən gələ bilməyən şəxslərin məktəb idarəçiliyində qalması yolverilməzdir.
“Məktəbdə tədrisin, tərbiyənin və fiziki hazırlığın yüksək səviyyədə təşkil olunması işi bacaranlara tapşırılmalıdır. Məktəbi gəlir yerinə çevirən naşılar tezliklə bu işdən uzaqlaşdırılmalı, onların barəsində ölçü götürülməlidir”, – deyə ekspert bildirib.
Paylaşımında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərə də toxunan Etibar Əliyev bu uğurun dövlətin lideri və xalqın birliyi sayəsində əldə olunduğunu vurğulayıb. O, ölkədə mövcud olan həmrəylik və tolerantlığın gələcək inkişaf üçün mühüm zəmin yaratdığını qeyd edib.
Ekspert paylaşımını “Biz birlikdə güclüyük!” şüarı ilə yekunlaşdırıb.