Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellektin insan həyatına təsiri və gələcəyin necə formalaşacağı ilə bağlı suallar aktuallığını artırır. Maşınların getdikcə daha mürəkkəb vəzifələri yerinə yetirməsi texnoloji tərəqqinin imkanlarını genişləndirsə də, insanın müstəqil düşünmək və qərar vermək qabiliyyətinin gələcəkdə hansı vəziyyətə düşəcəyi barədə müzakirələrə də yol açır.
Jurnalist Azər Rəşidoğlu bu məsələyə diqqət çəkərək texnoloji inkişafın yaratdığı əsas təhlükənin yalnız süni intellektin güclənməsi ilə bağlı olmadığını bildirib.
News365.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Azər Rəşidoğlu hesab edir ki, süni intellektin inkişafı fonunda insanın öz gələcəyi ilə bağlı qərarlarda nə dərəcədə fəal qalacağı əsas suallardan biridir. Onun yanaşmasına görə, rahatlığa həddindən artıq alışmaq insanın müstəqil düşünmək və seçim etmək iradəsini zəiflədə bilər.
“Maşınlar ağıllanır, texnologiya inkişaf edir. Bəs insan öz gələcəyinin sahibi olaraq qalacaqmı?
Bəlkə də ən böyük təhlükə süni intellektin insanı məğlub etməsi deyil, insanın rahatlıq naminə düşünməkdən və seçim etməkdən imtina etməsidir.
Fukuyamanın ‘tarixin sonu’ ideyasından süni intellektin yaratdığı yeni çağırışlara qədər...” – deyə jurnalist paylaşımında qeyd edib.
Jurnalistin fikirləri texnoloji tərəqqinin yalnız imkanlar deyil, həm də insanın düşüncə tərzi, müstəqilliyi və gələcək seçimləri baxımından yaratdığı çağırışları gündəmə gətirir.